Bank Of Baku

Azərbaycan İpoteka Fondu: «İpoteka kreditləşməsinin davam etdirilməsi üçün kifayət qədər resurs mövcuddur»

Azərbaycan İpoteka Fondu: «İpoteka kreditləşməsinin davam etdirilməsi üçün kifayət qədər resurs mövcuddur»
# 30 sentyabr 2009 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilən ipoteka kreditləşməsinin bərpasından indiyədək Azərbaycan İpoteka Fondu tərəfindən (AİF) təxminən 1 100 vətəndaşa ümumilikdə 47 mln. manat həcmində ipoteka krediti verilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin sentyabr ayında 14 mln. manat məbləğində ipoteka krediti verilib, 300-dən artıq ailə mənzillə təmin olunub. Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq, AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 122 mln. manatı ötüb. Nəticədə, 3 100-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.

«Adi ipoteka kreditləri ilə yanaşı güzəştli ipoteka kreditlərinin verilməsi də davam edir və bu kreditlərə də əhali arasında yüksək tələbat müşahidə olunur. Belə ki, 2009-cu ilin sentyabr ayının sonunadək müvəkkil banklara güzəştli ipoteka kreditləri ilə bağlı daxil olmuş müraciətlər üzrə ümumi məbləğ 8 mln. manatdan artıq olub. Məlum olduğu kimi, cari ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün 14 mln. manat məbləğində vəsait ayrılıb və bu vəsaitin hamısının güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəltmək nəzərdə tutulur. Güzəştli ipoteka kreditləşməsinin cari ildə davam etdirilməsi üçün kifayət qədər vəsait mövcuddur», - deyə AİF-dən bildirilib.

Qeyd edək ki, AİF-in xətti ilə müvəkkil kredit təşkilatları tərəfindən əhalinin ipoteka kreditləri ilə təmin edilməsi stabil və aktiv şəkildə davam edir. Bu ilin sentyabr ayının 30-dək banklar tərəfindən onlara ayrılmış limitlərin cəmi 72%-i istifadə edilib. Cari ilin iyun ayından ipoteka kreditləşməsi bərpa edildikdən indiyədək banklara ayrılmış limitlərin həcmi 4 dəfədən çox artırılıb.

Qurumdan bildirilib ki, gələcəkdə də ipoteka kreditləşməsinin davamlılığını təmin etmək məqsədilə Fondun açıq bazardan əlavə vəsait cəlb etmək imkanları var və bu sahədə heç bir çətinlik yoxdur: «Hazırda ipoteka kreditləşməsinin davam etdirilməsi üçün kifayət qədər resurslar mövcuddur və ehtiyac yarandıqca İpoteka Fondu tərəfindən müvəkkil banklara ayrılan limitlərin artırılması davam etdiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR