Bank Of Baku

Azərbaycan əhalisi xarici valyutanın satışını 34% artırıb

Azərbaycan əhalisi xarici valyutanın satışını 34% artırıb
# 01 oktyabr 2009 08:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan üzrə bank kassa dövriyyəsinin mədaxil hissəsi 2009-cu ilin yanvar-avqust ayları ərzində 12 054 077 300 manat, məxaric hissəsi isə 11 510 750 400 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, mədaxil üzrə illik azalma 1,24%, məxaric üzrə isə 11,7% olub.

Sentyabrın 1-nə bankların əməliyyat kassasının qalığı mədaxil üzrə 163 696 800 manat, məxaric üzrə isə 172 027 500 manat təşkil edib. Beləliklə, cari ilin 8 ayında bank kassa dövriyyəsi üzrə müsbət saldo 543 326 900 manata, kassa qalıqları üzrə göstəricilər nəzərə alınmaqla, ehtiyat fonduna pul qoyuluşu 534 996 200 manata bərabər olub.

Kassa dövriyyəsinin mədaxil hissəsinin əsas mənbəyi 4 460 086 400 manat həcmində (ümumi dövriyyənin 37%-i) olan xarici valyuta satışı hesabına formalaşıb. Bundan əlavə, mədaxilin əsas mənbələri sırasında qeyri-dövlət müəssisələri (1 950 955 000 manat və ya 16,2%) və vətəndaşların əmanətləri hesabına (1 220 733 600 manat və ya 10,13%) daxilolmalardır. Xarici valyuta satışından daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,27% artıb, qeyri-dövlət müəssisələrindən daxilolmalar 23%, vətəndaşların əmanətləri hesabına daxilolmalar isə 21,2% azalıb.

Məxaricin əsas istiqamətləri sırasında 3 054 078 500 manat və ya 26,5%-lik xüsusi çəkiyə malik olan qeyri-dövlət müəssisələrinə ödənişlər (əmək haqları istisna olmaqla) birinci yerdədir. Sonrakı yerləri vətəndaşların əmanətləri hesabından ödənişlər (1 249 118 300 manat və ya 10,85%) və xarici valyutanın alınmasına ödənişlər (1 206 410 000 manat və ya 10,5%) tutur. Son bir ildə qeyri-dövlət müəssisələrinə ödənişlər 29,5%, vətəndaşların əmanətləri hesabından ödənişlər 17%, xarici valyutanın alınmasına ödənişlər isə 20% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR