Bank Of Baku

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo azalıb

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo azalıb
# 01 aprel 2010 14:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu il üzrə tədiyə balansında əks olunmuş xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 5 165,2 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 3 388,9 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 776,3 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin payına düşür. Beləliklə, xidmətlər balansının mənfi saldosu 1 612,6 mln. dollar olub. Əvvəlki ilin eyni göstəricisi ilə müqayisıdə xidmətlər üzrə mənfi saldo 31,2% azalıb.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 28,4%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1 463,5 mln. dollara bərabər olan nəqliyyat xidmətlərinin 54,8%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Öz növbəsində Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri 662,1 mln. dollar təşkil edib.

Mərkəzi Bankın hesablamalarına görə, 2009-cu ildə xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 352,8 mln. dollar məbləğində qiymətləndirilir ki, bunun 44,3%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlıdır. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 380,1 mln. dollar məbləğində olub. Bunun 83,9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşür.

Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin məcmu xarici ticarət (xidmət) dövriyyəsində xüsusi çəkisi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz bəndi artaraq 15,8% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR