Bank Of Baku

Yaxın vaxtlarda İslam İnkişaf Bankının Azərbaycan üzrə yeni fəaliyyət proqramının təsdiqlənəcəyi gözlənilir

Yaxın vaxtlarda İslam İnkişaf Bankının Azərbaycan üzrə yeni fəaliyyət proqramının təsdiqlənəcəyi gözlənilir
# 05 aprel 2010 07:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlar ərzində İslam İnkişaf Bankının (IDB) Azərbaycanda 3 illik fəaliyyət proqramının təsdiq olunacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan İqstiadi İnkişaf Nazirliyinin 2009-cu ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, proqramın hazırlanması üçün 2009-cu ildə bankın missiyası Azərbaycanda səfərdə olub. Fəaliyyət proqramına daxil edilmiş layihələr arasında «Bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi» və «Cənub elektrik stansiyası»nın tikintisi layihələri mövcuddur. «Cənub elektrik stansiyası»nın maliyyələşdirilməsi ilə bağlı artıq IDB-nin Koordinasiya Şurası tərəfindən müsbət qərar qəbul edilib. Məbləği 134,5 mln. avro olan kreditin alınması ilə bağlı saziş artıq 2009-cu ilin noyabr ayında imzalanıb. «Bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi» layihəsinə isə kreditin ayrılması istiqamətində danışıqlar aparılır. Ümumilikdə, Bank tərəfindən 3 illik fəaliyyət proqramı çərçivəsində Azərbaycanda infrastruktur və kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin maliyyələşdirilməsi üçün 404,6 mln. ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulur: «Sözügedən proqramın yaxın zamanlarda təsdiq olunacağı gözlənilir».

Bundan başqa, Azərbaycanda həyata keçirilən layihələrin maliyyələşdirilməsində IDB ilə yanaşı Abu-Dabi İnkişaf Fondu, OPEC Fondu, Küveyt Fondu və Səudiyyə İnkişaf Fondu da yaxından iştirak edir. Belə ki, Ərəb Fondları tərəfindən hazırda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə 70,34 mln. dollar məbləğində vəsait ayrılıb. Bu layihələrdən 3-ü nəqliyyat sektoruna, 1-i isə irriqasiya sektoruna aiddir.

Qeyd edək ki, hazırda «Cənub elektrik stansiyasının» maliyyələşdirilməsi üzrə IDB ilə yanaşı Ərəb Fondları ilə də danışıqlar aparılıb və bunun nəticəsi olaraq OPEC Fondu 20 mln. avro məbləğində kredit ayırmağa razılıq verib. Kredit sazişinin imzalanması ilə əlaqədar hazırlıq işləri aparılır. Həmçinin, bu yaxınlarda «Bakı ətrafı qəsəbə və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması layihəsi» üzrə Səudiyyə İnkişaf Fondu tərəfindən 25 mln. dollar məbləğində vəsaitin ayrılması fond tərəfindən təsdiqlənib. Yaxın zamanlarda kredit sazişinin imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR