Bank Of Baku

AYİB-in Bakı ofisinin keçmiş rəhbəri «Amrahbank»ın Müşahidə Şurasının üzvü təyin edilib

AYİB-in Bakı ofisinin keçmiş rəhbəri «Amrahbank»ın Müşahidə Şurasının üzvü təyin edilib
# 07 aprel 2010 11:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı ofisinin keçmiş rəhbəri Aygen Yayikoğlu Azərbaycanın «Amrahbank» ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.
«Amrahbank»ın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, Müşahidə Şurasının sabiq üzvü, Elnur Əmikişiyev isə Müşahidə Şurası sədrinin müşaviri vəzifəsinə təyin olunub.
«Amrahbank»ın Müşahidə Şurasının sədri Yunis İldırımzadənin sözlərinə görə, Yayikoğlunun maliyyə və idarəçilik sahələrində həm beynəlxalq miqyasda, həm də bilavasitə Azərbaycan üzrə malik olduğu geniş təcrübə bankın Müşahidə Şurası üçün çox dəyərli dəstək olub. «Bu yeni təyinat bizim işimizdə daha yüksək nailiyyətlərə çatmaq imkanı yaradacaq. Əminəm ki, A.Yayikoğlunun bir rəhbər kimi əldə etdiyi müfəssəl bilik və bacarıqlar, maliyyə sektoru üzrə geniş təcrübəsi, bankın keyfiyyət yönəmli inkişafının mükəmməl strategiya və korporativ idarəçilik standartları çərçivəsində həyata keçirilməsində öz töhfələrini verəcək», - deyə Y.İldırımzadə bildirib.
Bankın Müşahidə Şurasının yeni üzvü A.Yayikoğlu isə «Amrahbank»ın Azərbaycan və Bəhreyndən olan səhmdarları ilə artıq bir neçə ildir ki tanış olduğunu qeyd edib: «Bu Bankın Müşahidə Şurasının üzvülüyünə seçilməkdən məmnunluq hissi duyuram. «Amrahbank» sürətlə, dinamik tərzdə inkişaf edən, fəaliyyətində beynəlxalq korporativ idarəetmə standartlarını tətbiq edən bir bankdır və mən bankın gələcək uğurlarına öz töhvəmi vermək üçün bütün bilik və bacarıqlarımdan istifadə etməyə hazıram».
Xatırladaq ki, A.Yayikoğlu İstanbulda yerləşən «Crescent Capital» adlı investisiya şirkətinin təsisçisi və icraçı şərikidir. A. Yayikoğlu maliyyə sektorunda 14 illik beynəlxalq təcrübəyə malikdir. «Crescent Capital» şirkətini yaratmazdan əvvəl, A.Yayikoğlu 9 il ərzində AYİB-in London ofisində çalışıb, 6 il ərzində AYİB-in Sarayevo və Bakı nümayəndəliklərinə rəhbərlik edib, sonra isə Beynəlxalq Maliyyə Korporasiyasının İstanbuldakı regional infrastruktur layihələri qrupunun rəhbəri olub.
Qeyd edək ki, hazırda «Amrahbank»ın Müşahidə Şurasının sədri Y.İldırımzadə (bankın təsisçisi), digər üzvləri isə Aabed Al Zeera (Bəhreyn Beynəlxalq İnvestisiya Bankının baş icraçı direktoru), Mohamed Hedi Mejai (Beynəlxalq İnvestisiya Bankının icraçı direktoru) və Kamal Məmmədzadədir (baş hüquqşünas, «Salans» şirkəti).
Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,811 mln. manat, depozit portfeli 41,176 mln. manat, kredit portfeli 39,898 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 25,223 mln. manat, məcmu kapitalı 20,653 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın ölkə üzrə 24 filialı, 18 bankomatı və 50 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR