Bank Of Baku

Azərbaycan bank sistemində qeyri-standart aktivlər 45% artıb

Azərbaycan bank sistemində qeyri-standart aktivlər 45% artıb
# 06 may 2010 12:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin strukturunda qeyri-standart aktivlərin həcmi 2010-cu ilin aprel ayının 1-nə 590,08 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 183,63 mln. manat və ya 45,2% artıb. Eyni zamanda, qeyri-standart aktivlərin xüsusi çəkisi də il ərzində artıb. Belə ki, ötən ilin aprelin əvvəlinə bu göstərici 5,2% təşkil etdiyi halda, 2010-cu ilin aprelin 1-nə 5,4%-ə bərabərdir.

Qeyri-standart aktivlərin tərkibinə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər daxildir. Cari ilin aprelin 1-nə qeyri-qənaətbəxş aktivlərin həcmi 239,9 mln. manat (illik artım – 52,3%), təhlükəli aktivlərin həcmi 194,19 mln. manat (illik artım – 29%), ümidsiz aktivlərin həcmi isə 155,99 mln. manat (illik artım – 58,5%) təşkil edib. Beləliklə, qeyri-standart aktivlərin strukturunda qeyri-qənaətbəxş aktivlərin xüsusi çəkisi 40,7%, təhlükəli aktivlərin - 32,9%, ümidsiz aktivlərin - 26,4% olub.

Qeyd edək ki, qeyri-standart aktivlərin həcmi və xüsusi çəkisinin 2008-ci ilin IV rübündən başlayaraq tədricən artması müşahidə olunur və bunun obyektiv səbəbləri var. Belə ki, dünya maliyyə böhranı nəticəsində Azərbaycan bank sistemində likvidlik problemi yaranıb, banklar kreditləşməyə daha ehtiyatla yanaşmağa başlayıb, istehlak kreditləşməsi qismən və ya tam dayandırılıb, iqtisadi böhran nəticəsində isə ölkə iqtisadiyyatında ticarətin konyunkturunun mənfiyə doğru dəyişməsi başlayıb. Nəticədə, əhalinin alıcılıq qabiliyyəti, həmçinin bir sıra borcalanların ödəmə qabiliyyəti müəyyən dərəcədə aşağı düşüb. Bundan başqa, kreditləri istisna olmaqla digər aktivlərdə də pisləşmə prosesi baş verib ki, bu da daşınmaz əmlak bazarında qiymətlərin düşməsi, xarici valyutaların qeyri-müəyyənliyi və digər amillərlə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR