Bank Of Baku

«Günay Sığorta» şirkəti yaxın bir aya lisenziyasını bərpa etmək niyyətindədir

«Günay Sığorta» şirkəti yaxın bir aya lisenziyasını bərpa etmək niyyətindədir
# 08 may 2010 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Günay Sığorta» şirkəti yaxın bir ay ərzində lisenziyasını bərpa etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında «Günay Sığorta» şirkəti İdarə Heyətinin sədri Vüqar Rəcəbov bildirib.

V.Rəcəbovun sözlərinə görə, Maliyyə Nazirliyi tərəfindən «Günay Sığorta» şirkətinin lisenziyasının qüvvəsinin dayandırılması məsələsi bir ay sonra həllini tapacaq. «Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin fəaliyyətə birbaşa nəzarətedici orqandır. Lisenziyanın məhdudlaşdırılması həmin orqanın işidir. Lakin bizim şirkət üçün yaranmış problem nizamnamə kapitalı ilə bağlıdır. Hazırda şirkətin məcmu kapitalı 1,6 mln. manat təşkil edir. Yaxın bir ay ərzində nizamnamə kapitalını 2 mln. manata çatdırmaq niyyətindəyik və bununla bağlı müvafiq sənədlər hazırlanır», - deyə V.Rəcəbov bildirib.

Qeyd edək ki, mayın 7-dən etibarən Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti «Günay Sığorta» ASC, «Azal Sığorta» ASC və «Əmrah Sığorta» ASC-yə sığorta fəaliyyətinə verilən lisenziyaların qüvvəsini dayandırıb. Lisenziyanın dayandırılmasına əsas səbəb kimi həmin şirkətlərin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməməsi göstərilir.

Nazirlikdən həmin şirkətlərə maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi ilə bağlı 6 ay vaxt verilib. Əks halda bu normativlərə əməl etməyən şirkətlərin lisenziyaları ləğv ediləcək.

Qeyd edək ki, «Azal Sığorta» və «Əmrah Sığorta» şirkətlərinin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri üçün nizamnamə kapitalı ilə bağlı minimal tələbd 2010-cu il yanvar ayının 1-nə 2 mln. manat təşkil edir. Mövcud tələbnamələrə əsasən, sığorta şirkətləri 2011-ci il yanvarın 1-nən nizamnamə kapitalını ən azı 3,5 mln. manata, 2012-ci il yanvarın 1-nə 5 mln. manata çatdırmalıdır. Yeni yaradılan sığorta şirkətləri üçün isə minimal tələb 5 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR