Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı I rübdə 477 mln. dollarlıq valyuta sterilizasiyası həyata keçirib

Azərbaycan Mərkəzi Bankı I rübdə 477 mln. dollarlıq valyuta sterilizasiyası həyata keçirib
# 11 may 2010 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən ilin müvafiq dövründən fərqli olaraq 2010-cu ilin I rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) məzənnə siyasətini valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində həyata keçirib. «APA-Economics»in məlumatına görə, bu barədə AMB tərəfindən hazırlanmış «Pul siyasəti icmalı»nda bildirilir. Məhz bunun nəticəsində, ötən ilin I rübündə Mərkəzi Bank satış yönümlü müdaxilələr həyata keçirdiyi halda, cari ilin I rübündə 476,5 mln. ABŞ dolları həcmində valyuta sterilizasiyası (alış yönümlü) həyata keçirilib.

İcmala əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə valyuta bazarında xarici valyutaya tələbatın azalması banklar tərəfindən ölkəyə gətirilən nağd xarici valyutanın
və əhaliyə satılan nağd valyutanın həcmindən də görünür. Belə ki, dövr ərzində banklar tərəfindən ölkəyə xalis gətirilən nağd xarici valyutanın və xalis nağd mübadilə əməliyyatlarının həcmi 2009-cu ilin I rübü ilə müqayisədə müvafiq olaraq 2,5 və 1,9 dəfə az olub.

Mərkəzi Bankın apardığı hesablamalara görə, 2010-cu ilin yanvar-mart aylarında manatın dollara qarşı məzənnəsi cəmi 0,04% ucuzlaşıb. Rüb ərzində manatın məzənnəsinin sabitliyi ölkədə inflyasiyanın, xarici borc yükünün və dollarlaşmanın artmamasına və bütövlükdə əhalinin sosial vəziyyətinin yaxşılaşmasının dəstəklənməsinə əlverişli şərait yaradıb. Eyni zamanda, manatın dollara qarşı məzənnəsinin sabit saxlanılması son illərdə ölkənin beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir göstərməyib. Belə ki, dövr ərzində manatın nominal məzənnəsi ticarət partnyoru olan bəzi ölkələrin valyutalarına qarşı dəyərdən düşdüyü halda, digər ölkələrin valyutalarına qarşı möhkəmlənib. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin də dəyişməsinə təsir göstərib. Rüb ərzində manat bəzi ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Çin) valyutalarına qarşı həm nominal, həm də real olaraq ucuzlaşıb.

Hesabat rübündə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 1,2%, real effektiv məzənnə isə 1,7% bahalaşıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qeyri-neft sektoru üzrə nominal məzənnə 7,9%, real məzənnə isə 7,8% ucuzlaşıb. Rüb ərzində qeyri-neft sektoru üzrə real effektiv məzənnəyə həm nominal valyuta məzənnələri, həm də qiymətlərin dəyişməsi artırıcı təsir göstərib. Real məzənnə I rübdə əsasən uzaq xarici ölkələr (ABŞ, Avrozona, B.Britaniya, Yaponiya, İsrail, Çin) üzrə 6,8% bahalaşıb. Azərbaycanın qeyri-neft ixracının çox hissəsinin getdiyi yaxın xarici ölkələr (Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, habelə Türkiyə və İran) üzrə isə real məzənnə 0,7% ucuzlaşıb.

Beləliklə, cari ilin I rübündə ölkənin valyuta bazarında tarazlıq olub, manatın ikitərəfli məzənnəsinin sabitliyi və ölkənin beynəlxalq rəqabət qabiliyyəti ümumən qorunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR