Bank Of Baku

«Kövsər Bank»ın depozit portfeli son bir ildə 34% artıb

«Kövsər Bank»ın depozit portfeli son bir ildə 34% artıb
# 11 may 2010 14:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 18,024 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 33,9% artaraq 3,319 mln. manata, o cümlədən əhalinin əmanətləri 2,4 dəfə artaraq 1,923 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 2,4% artaraq 10,484 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,020 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 3,1 dəfə artaraq 0,487 mln. manat, xərcləri isə 2,9 dəfə artaraq 0,415 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir il ərzində 6,1 dəfə artaraq 0,072 mln. manat olub.

Xatırladaq ki, bu müddət ərzində bankın müştərilərinin sayı 2,5 dəfə artaraq 995-ə, o cümlədən fiziki şəxslərin sayı 4,8 dəfə artaraq 706-ya, hüquqi şəxslərin sayı isə 18% artaraq 289-a çatıb.

«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bankın 17 fiziki şəxsdən ibarət səhmdarları (o cümlədən, 3 Səudiyyə Ərəbistanı, Kanada və Yaponiya vətəndaşının hər birinin 2,2% səhmi var) səhmlərin 99%-nə sahibdir. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari ilin aprel ayının 1-nə bankın 2 filialı, 2 bankomatı və 25 işçisi var. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR