Bank Of Baku

Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 26% artıb

Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 26% artıb
# 12 may 2010 15:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda İsveçrə-Azərbaycan Dostluq Qrupunun üzvləri, bu ölkənin energetika sahəsində fəaliyyət göstərən özəl şirkətlərinin təmsilçiləri ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri arasında görüş keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən (İİN) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə edilmiş uğurlar barədə məlumat verib.

Qeyd edilib ki, Azərbaycan Avropa ölkələri, o cümlədən İsveçrə ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Ölkə prezidentinin İsveçrəyə, İsveçrə Konfederasiyasının Prezidenti cənab Paskal Kuşpenin Azərbaycana rəsmi səfərləri iki ölkə arasında əlaqələrin inkişafında xüsusilə əhəmiyyətlidir. İsveçrə Konfederasiyası Azərbaycanın qeyri-neft sektorunda ən böyük investorlardandır. 2008-ci illə müqayisədə ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 26%-ə yaxın artıb. Bununla belə, Azərbaycan və İsveçrə arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu imkanlardan istifadə etməklə əlaqələri daha da inkişaf etdirmək mümkündür.

N.Səfərov çıxışının sonunda əməkdaşlığın inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb, iş adamlarını əlaqələrini daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət edib.

İsveçrənin Enerji üzrə Federal ofisinin direktoru Volter Steinman Azərbaycandakı iqtisadi inkişafdan məmnunluğunu qeyd edib, ölkələr arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin investisiya mühiti və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat veriblər.

Tədbirdə həmçinin İsveçrənin energetika sahəsində fəaliyyət göstərən özəl şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR