Bank Of Baku

«Çartis Azərbaycan» sığorta şirkətinin daxilolmaları son bir ildə 9% artıb

«Çartis Azərbaycan» sığorta şirkətinin daxilolmaları son bir ildə 9% artıb
# 16 dekabr 2010 08:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Çartis Azərbaycan» (əvvəlki «AIG Caspian») sığorta şirkətinin 2010-cu ilin yanvar-noyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,688 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,8% çoxdur.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 4,5 dəfə azalaraq 266 min manata çatıb.

E.İslamın sözlərinə görə, bu müddət ərzində ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (696,559 min manat), «Ümumi mülki məsuliyyətin sığortası» (485,908 min manat) və «Yanğından icbari sığorta» (316 min manat) növləri üzrə toplanıb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 41,3%, 29% və 19% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» (255,643 min manat və ya 96%) və «Fərdi qəza və xəstəliklər sığortası» (5,600 min manat və ya 2,1%) növləri üzrə ödənilib.

Xatırladaq ki, «Çartis Azərbaycan» ASC 1999-cu ildən «AIG Caspian» sığorta şirkəti adı ilə fəaliyyət göstərib. Bu ilin noyabr ayında şirkətin brendi «Çartis Azərbaycan»a dəyişib. Əvvəllər şirkətin təsisçiləri «Caravan Investment» şirkəti (51%) və «AIG Inc.» şirkəti (49%) olub. Səhmdarların tərkibində edilən dəyişikliyə əsasən, «Caravan Investment» şirkəti (51%) öz payını ABŞ-ın «AIG Inc.» şirkətinə satıb və bununla da xarici şirkət «Çartis Azərbaycan»ın səhmlərinin 100%-nə sahib olub.

Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR