Bank Of Baku

«Unibank» yeni istiqraz emissiyasına hazırlaşır

«Unibank» yeni istiqraz emissiyasına hazırlaşır
# 14 mart 2011 15:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin martın 29-da Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış «Unibank» ASC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş konversiya borcu istiqrazlarının yerləşdirilməsinə başlanılacaq.

«Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 10 min ABŞ dolları, sayı 2 500 ədəd, emissiyanın ümumi həcmi isə 25 mln. dollar təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edəcək.

Xatırladaq ki, 2009-cu ilin iyul ayında «Unibank» ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya Maliyyə Şirkəti (FMO), Avstriya İnkişaf Bankı və Almaniyanın DEG İnvestisiya Şirkəti arasında maliyyə paketi üzrə kredit sazişi imzalanıb. Bu maliyyə paketinin ümumi həcmi 83 mln. ABŞ dolları təşkil edib. Bunun 37 mln. dolları EBRD, 15,6 mln. dolları DEG, 15 mln. dolları FMO, 10 mln. dolları Avstriya İnkişaf Bankı tərəfindən ayrılıb. «Unibank»ın yerli səhmdarlarının paket maliyyələşdirilməsində payı isə 5,4 mln. dollar təşkil edib. Ayrılan vəsaitin 7 mln. dolları «UniBank»ın səhmdar kapitalına, 25 mln. dolları konvertasiya olunan istiqrazlara, 51 mln. dolları bankın kredit portfelinin genişləndirilməsinə yönəldilib.

Qeyd edək ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivləri 354,937 mln. manat, kredit portfeli 237,250 mln. manat, depozit portfeli 167,951 mln. manat, məcmu kapitalı 56,285 mln. manat, o cümlədən nizamnamə kapitalı 42,027 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR