Bank Of Baku

Baş nazir Artur Rəsizadə: «Dünya maliyyə böhranı ötən il Azərbaycanda hiss olunmayıb»

Baş nazir Artur Rəsizadə: «Dünya maliyyə böhranı ötən il Azərbaycanda hiss olunmayıb»
# 15 mart 2011 10:13 (UTC +04:00)
Hökumət sosial problemlərin həlli, sahibkarlığın inkişafı və işsizliyin aradan qaldırılmasını diqqətdə saxlayıb. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisdə Azərbaycan hökumətinin 2010-cu il üzrə hesabatını təqdim edən baş nazir Artur Rəsizadə bildirib.

Onun sözlərinə görə, ötən il ölkədə 73 min yeni iş yeri açılıb, 41,6 mlrd. manat həcmində ÜDM istehsal olunub ki, bu da bir il əvvəlki göstəricidən 5% artıqdır. Ölkə iqtisadiyyatına il ərzində 13,9 mlrd. manat investisiya yatırılıb ki, bu da 2009-cu illə müqayisədə 32,4% çoxdur. Bu investisiyaların tərkibində əsas kapitala yatırılan investisiyaların həcmi 9,2 mlrd. manat təşkil edib.

Büdcənin mədaxil və məxaric hissəsinin müvafiq olaraq 99,5% icra olunduğunu deyən baş nazir bildirib ki, ötən il bütün sosial proqramlar icra olunub, beynəlxalq təşkilatlarla 1,2 mlrd. manatlıq kredit sazişləri imzalanıb. Maliyyə-bank sektorunda həyata keçirilən islahatlar nəticəsində manatın məzənnəsi qorunub saxlanıb. Əhali tərəfindən banklara qoyulan əmanətlərin və banklar tərəfindən verilən kreditlərin həcmində artım olub.

A.Rəsizadə qeyd edib ki, ölkənin energetika sektorunda “Azərenerji” və “Bakıelektrikşəbəkə”yə müvafiq olaraq büdcədən 143 mln. manat və 75 mln. manat, alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması və istifadəsi məqsədilə büdcədən 40 mln. manat ayrılıb. Hazırda Qobustanda hibrid elektrik stansiyasının və xüsusi poliqonun inşası başa çatdırılır.

Baş nazir hesabatında ölkənin ağır sənayesində və kənd təsərrüfatı sektorunda əldə olunan nəticələrdən də danışıb. Bildirib ki, 2010-cu ildə metallurgiya sektorunda istehsal 44,8%, maşınqayırmada 2,5 dəfə artıb, kənd təsərrüfatında hava şəraiti ilə əlaqədar olaraq bitkiçilikdə istehsal 8,9%, taxılçılıqda 33%, kartof istehsalında isə 3% azalma olub.

Ölkənin yeni qurulan hərbi sənaye kompleksində də inkişafın baş verdiyini deyən A.Rəsizadə bildirib ki, keçən il bu sahədə 350-dən çox çeşiddə məhsul istehsal olunub, bunun bir hissəsi dünya bazarında tanıdılıb və ixrac edilib.

Baş nazir ötən il Azərbaycanda baş verən sel daşqınları barədə də danışıb. O qeyd edib ki, hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində fəlakətin böyük miqyas almasına yol verilməyib.

Hazırda deputatlar hökumətin hesabatına dair öz fikirlərini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR