Bank Of Baku

Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günləri keçirilir

Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günləri keçirilir
# 16 mart 2011 09:36 (UTC +04:00)
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, mərasimdə DB-nin Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers Azərbaycanın son illər çox sürətli inkişaf yolu keçərək orta gəlirli dövlətlər qrupuna daxil olduğunu, indi isə ölkə qarşısında yeni perspektivlər və çağırışlar durduğunu bildirib.

“Biz bu çağırışların düzgün həllində Azərbaycanın yanında olmağa hazırıq və son 18 ildə olduğu kimi, bundan sonra da əməkdaşlığımızı artan xətt üzrə inkişaf etdirmək istəyirik. Azərbaycan təbii ehtiyatlarından əldə edilən gəlirlərin düzgün idarəedilməsi üzrə digər ölkələr üçün nümunə olacaq bir təcrübəyə malikdir və bu təcrübənin bölüşdürülməsi önəmlidir” - deyə T.Ahlers bildirib.

Tədbir iştirakçılarına prezident İlham Əliyevin təbrik və salamlarını çatdıran AMB sədri Elman Rüstəmov DB-nin dünya iqtisadiyyatındakı önəmli rolunu qeyd edərək bildirib ki, bankın fəaliyyəti postkommunist düşərgəsi üçün strateji önəm daşıyır. Onun sözlərinə görə, məhz iqtisadi transformasiyanın ilk illərində Dünya Bankının fəal dəstəyi keçid iqtisadiyyatına malik ölkələrdə bazar iqtisadiyyatının formalaşdırılması və inkişafı, habelə bazar mentalitetinin dərinləşməsinə kömək edib. 1992-ci ildən bəri DB ilə əməkdaşlıq nəticəsində Azərbaycanın bütün istiqamətlərdə strateji dəstək aldığını deyən E.Rüstəmov istehsalat infrastrukturunun modernləşdirilməsi, kiçik və orta biznes, yoxsulluğun azaldılması proqramı çərçivəsində DB ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam etdiyini qeyd edib.

Qlobal iqtisadi böhranın dünya qarşısında yeni çağırışlar qoyduğunu deyən E.Rüstəmov bildirib ki, məhz bu səbəbdən dayanıqlı inkişafın və qloballaşma məsələlərinin ideologiya və yanaşmaları artıq dəyişir, dünya iqtisadi sisteminin stabil gələcəyi üçün fəal polemika və intellektual axtarışlar aparılır.

Qeyd edək ki, Azərbaycan günləri çərçivəsində Dünya Bankının binasında Azərbaycan mədəniyyətini təqdim etmək məqsədilə ölkə iqtisadiyyatı, Dünya Bankı ilə əməkdaşlıqla bağlı xüsusi stendlər qurulub, xalçaçılıq və ipək sərgisi, fotoqalereya təşkil olunub, canlı xalça istehsalı və milli geyimlər nümayiş etdirilir. Eyni zamanda DB və BVF əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı klassik Azərbaycan musiqisinin müşayiəti ilə milli xörəklər təqdim edilir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və əməkdaşlıq çərçivəsində indiyədək Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən 43 layihə üçün ümumilikdə 2,9 mlrd. dollar məbləğində vəsait ayrılıb. Azərbaycan Türkiyə və Qazaxıstandan sonra Avropa və Mərkəzi Asiya regionunda ən iri kredit portfelinə malik üçüncü ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR