Bank Of Baku

«Qarant Sığorta» şirkəti «Fidan Sığorta»nı məhkəməyə verib

«Qarant Sığorta» şirkəti «Fidan Sığorta»nı məhkəməyə verib
# 16 mart 2011 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti «Fidan Sığorta» ASC-ni məhkəməyə verib. «APA-Economics»in 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə isnadən verdiyi məlumata görə, «Qarant Sığorta» şirkətinin iddiasının əsas mahiyyəti cavabdeh tərəfdən sığorta ödənişinin tutulması ilə bağlıdır.

«Qarant Sığorta» şirkəti İdarə Heyətinin sədri Vaqif Həsənovun sözlərinə görə, tələb olunan ödəniş reqres ödənişlə bağlıdır. Belə ki, avtomobil qəzası nəticəsində «Qarant Sığorta» şirkətində sığortalanan avtomobilə dəymiş ziyan həmin şirkət tərəfindən ödənilib və sonradan həmin məbləğ ziyan vurmuş avtomobilin sığortaçısından geri alınmalıdır. «Bu artıq «Fidan Sığorta»nın ödənişdən yayındığı ilk analoji hal deyil. Biz dəfələrlə həmin şirkəti məhkəməyə vermişik», - deyə V.Həsənov bildirib.

V.Həsənovun sözlərinə görə, «Fidan Sığorta» şirkəti son hadisə ilə bağlı təxminən 1000 manat məbləğində sığorta ödənişi həyata keçirməlidir: «Avtomobilə dəymiş ziyanla bağlı hər iki tərəfin iştirakı ilə qiymətləndirmə keçirilib. Bu proseslə bağlı yekun qərarın məhkəmənin növbəti iclasında qəbul olunacağı gözlənilir».

«Qarant Sığorta» şirkətinin hüquqşünası Elşən Abdullayev isə bildirib ki, ötən gün keçirilən son məhkəmə iclasında sənədlərin Məhkəmə Ekspertiza İnstitutuna göndərilməsi qərara alınıb: «Ekspertizanın rəyi ilə bağlı məhkəmənin növbəti iclası qeyri-müəyyən vaxta təyin edilib».

Qeyd edək ki, «Fidan Sığorta» şirkətindən bu məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR