Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı, BVF və DB birgə tədqiqatlar həyata keçirə bilər - FOTO

Azərbaycan Mərkəzi Bankı, BVF və DB birgə tədqiqatlar həyata keçirə bilər - <font color=red>FOTO</font>
# 17 mart 2011 09:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya Bankının (DB) Vaşinqtonda (ABŞ) yerləşən baş ofisində keçirilən Azərbaycan günləri çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov DB-nın prezidenti Robert Zellik və Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Oliver Blanşard ilə görüşüb. Bu barədə «APA-Economics»ə AMB-dən məlumat verilib.

E.Rüstəmovun R.Zelliklə görüşü zamanı DB ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişaf tarixi, bu əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, ölkə üzrə yeni iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.

Görüşdə qeyd olunub ki, Dünya Bankının mövcud portfelinin həcminə görə Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda öndə gedən ölkələrdəndir. Formalaşdırılmış portfel ölkənin dayanıqlı iqtisadi inkişaf və diversifikasiya tələblərinə adekvatdır. Həmçinin, Azərbaycan və DB-nın birgə həyata keçirdiyi layihələrə də toxunulub. Qeyd edilib ki, hazırda DB-nın yeni layihəsi olan təhsil sahəsində strateji islahatlar layihəsi üzərində fəal iş aparılır, bu da Azərbaycan üçün prioritet sahələrdəndir.

Mərkəzi Bankın sədri E.Rüstəmovun BVF-nin baş iqtisadçısı O.Blanşard ilə görüşündə Fond ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bununla yanaşı E.Rüstəmov 2010-cu ildə bank sektorunun inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri barədə ətraflı məlumat verib.

Həmçinin, Azərbaycan günləri çərçivəsində E.Rüstəmov DB-nın icraçı direktoru Mişel Mordasini və BVF-nin icraçı direktoru Rene Verber ilə də görüşüb. Görüşdə Azərbaycanın iqtisadi durumu barədə məlumat verən E.Rüstəmov qeyd edib ki, son 7 ildə ölkədə iqtisadiyyatı 3 dəfə artıb və bu gün Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider ölkələrdəndir. Daha sonra o, Azərbaycan iqtisadiyyatı üçün önəmli olan sahələrdə DB, BVF və Mərkəzi Bankın birgə tədqiqatlar həyata keçirə biləcəyini də vurğulayıb.

BVF-nin icraçı direktoru Azərbaycanın neft gəlirlərinin düzgün istifadə edilməsi sahəsində böyük uğur və zəngin təcrübəyə malik olduğunu vurğulayaraq qeyd edib ki, bu təcrübənin digər ölkələr, xüsusi ilə də Afrika ölkələri ilə paylaşmaqla Azərbaycan həmin dövlətlərin inkişafına böyük töhfə vermiş olar. Görüşlərdə özəl sektorun inkişafı sahəsində görülən işlərə də toxunulub və qeyd edilib ki, islahatların davam etdirilməsi və prosedurların asanlaşdırılması istiqamətində görüləcək işlər Azərbaycanı bu sahədə lider ölkəyə çevirə bilər.

Səfər çərçivəsində E.Rüstəmov DB-nın Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers, eləcə də DB-nın Cənubi Qafqaz regionu üzrə direktoru Əsəd Aləmlə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR