Bank Of Baku

«Kövsər Bank»ın Azərbaycan Mərkəzi Bankına qarşı iddiası üzrə növbəti məhkəmə iclası martın sonunda keçiriləcək

«Kövsər Bank»ın Azərbaycan Mərkəzi Bankına qarşı iddiası üzrə növbəti məhkəmə iclası martın sonunda keçiriləcək
# 17 mart 2011 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC-nin lisenziyasının ləğvi ilə bağlı Mərkəzi Banka qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası mart ayının sonunda keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında «Kövsər Bank» ASC-nin İdarə Heyətinin sədri Heydər İbrahimov bildirib.

H.İbrahimovun sözlərinə görə, növbəti iclasda «Kövsər Bank» lisenziyasının əsassız ləğv edilməsi ilə bağlı dəlil və sübutları məhkəməyə təqdim edəcək.

«Bankın hazırda fiziki və ya hüquqi şəxslər qarşısında heç bir öhdəliyi yoxdur. Bütün öhdəliklər vaxtında yerinə yetirilib. Bankın nizamnamə kapitalı 12 mln. manat təşkil edir ki, bu da Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinə uyğundur. Lakin Mərkəzi Bankın mütəxəssisləri öz hesablamalarında nizamnamə kapitalının 1,2 mln. manat təşkil etdiyini və bankın iflas olduğunu bildiriblər. «Kövsər Bank» birmənalı olaraq lisenziyasının ləğvi ilə bağlı Mərkəzi Bankın çıxardığı qərarı əsassız sayır. Bu prosesdə AMB özü birbaşa qanunu pozub. Ümid edirik ki, məhkəmənin müvafiq qərarı ilə bankın lisenziyası bərpa olunacaq», - deyə H.İbrahimov bildirib.

Xatırladaq ki, minimum məcmu kapital (10 mln. manat) tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə AMB-nin İdarə Heyətinin qərarı ilə 2010-cu ilin dekabr ayında «Kövsər Bank» ASC-nin lisenziyaları ləğv edilib.

«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Ötən ilin oktyabrın 1-nə bankın aktivləri 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, bankın məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR