Bank Of Baku

«Dəmirbank» ilə IFC arasında yeni əməkdaşlıq sazişi imzalanıb

«Dəmirbank» ilə IFC arasında yeni əməkdaşlıq sazişi imzalanıb
# 29 mart 2011 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın «Dəmirbank» ASC ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında bankın korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi məqsədi ilə saziş imzalanıb. «APA-Economics»in məlumatına görə, bu razılaşma çərçivəsində IFC tərəfindən bankın korporativ idarəetmə təcrübəsi qiymətləndiriləcək, onun təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün tədbirlər görüləcək.

Bankın İdarə Heyətinin sədri Roman Əmircanov çıxışında bildirib ki, razılaşmaya əsasən, bankın Müşahidə Şurasına, rəhbərliyinə və əsas səhmdarlarına məsləhət xidmətləri təqdim ediləcək və təlimlər keçiriləcək. «IFC banka sənədlərin təkmilləşdirilməsində, maliyyə hesabatlılığı və məlumatların açıqlanmasının gücləndirilməsində, daxili audit funksiyalarının yaxşılaşdırılmasında yardım edəcək», - deyə R.Əmirxanov bildirib.

Tədbirdə IFC-nin Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin rəhbəri xanım Karolina Brayt qeyd edib ki, bu, Korporasiya ilə «Dəmirbank» arasında məsləhət xidmətləri sahəsində imzalanan ikinci sazişdir: «İlk sənəd ötən ilin may ayında imzalanıb və bu sənədə əsasən, bankın kredit portfelinin idarə edilməsi, risklərin idarə edilməsi, menecment informasiya sistemi, insan resurslarının idarə edilməsi, daxili auditin inkişafı istiqamətində məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə intensiv işlər aparılır».

Qeyd edək ki, bundan başqa, bank IFC ilə Qlobal Ticarətin Maliyyələşdirilməsi Proqramı, mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi, həmçinin ipoteka kreditləşməsi üzrə də əməkdaşlıq edir. Bu proqramlar üzrə banka açılan kredit xətlərinin ümumi həcmi 15 mln. ABŞ dolları təşkil edib.

Xatırladaq ki, «Dəmirbank» ASC (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR