Bank Of Baku

Azərbaycan Maliyyə Monitorinq Xidməti iyulda «Eqmont Qrupu»na üzv qəbul oluna bilər

Azərbaycan Maliyyə Monitorinq Xidməti iyulda «Eqmont Qrupu»na üzv qəbul oluna bilər
# 30 mart 2011 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın maliyyə monitorinqi orqanları arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə yaradılan «Eqmont Qrupu»nun növbəti plenar iclasının 2011-ci ilin iyul ayında keçirilməsi nəzərdə tutulub. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən (MMX) «APA-Economics»ə verilən məlumata görə, iclasda MMX-nin «Eqmont Qrupu»na üzv olması barədə qərarın qəbul edilməsi gözlənilir.

Belə ki, mart ayında Niderlandda keçirilmiş «Eqmont Qrupu»nun İşçi Alt-qruplarının iclasında Hüquq İşçi Alt-qrupu tərəfindən Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin üzvlüyünə dair müsbət rəy verilib. Mövcud prosedurlara əsasən, «Eqmont Qrupu»na üzvlüklə bağlı qərar təşkilatın plenar iclasında qəbul edilir.

Qeyd edək ki, Hüquq İşçi Alt-qrupunun iclasında Azərbaycanın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə mübarizə sahəsində nailiyyətləri, MMX-nin fəaliyyətinə dair təqdimatı keçirilib və bununla əlaqədar müzakirələr aparılıb.

«Eqmont Qrupu»nun əsası 1995-ci ildə qoyulub. Hazırda 120 ölkənin maliyyə monitorinqi orqanı «Eqmont Qrupu»nun üzvüdür. Təşkilatın əsas məqsədi ilkin inkişaf mərhələsində olan maliyyə monitorinqi orqanlarının təşkilinə yardım göstərilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi, maliyyə monitorinqi orqanlarının əməkdaşlarının təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlim seminarlarının keçirilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR