Bank Of Baku

İki beynəlxalq qurum «Unibank»ın konvertasiya olunan istiqrazlarına abunə olub

İki beynəlxalq qurum «Unibank»ın konvertasiya olunan istiqrazlarına abunə olub
# 30 mart 2011 08:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Almaniya İnkişaf Bankı qrupuna daxil olan «Deutsche Investitions- und Entwicklungsgesellschaft GmbH.» (DEG) maliyyə təşkilatı Azərbaycanın «Unibank» ASC tərəfindən buraxılan konvertasiya olunan istiqrazlara abunə yazılıb. «Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, EBRD 17,5 mln. dollar dəyərində konvertasiya olunan istiqraz əldə edib, DEG isə 7,5 mln. dollar dəyərində istiqrazlara abunə yazılıb.

Konvertasiya olunan istiqrazlar ilk dəfədir ki, Azərbaycanda emissiya olunur və «Unibank»ın kapital bazasının gücləndirilməsi, eləcə də uzunmüddətli likvidliyin təmin olunması üçün nəzərdə tutulub. Bu sövdələşmə «Unibank»a kiçik və orta müəssisələrin və pərakəndə müştərilərin kreditləşdirilməsi də daxil olmaqla iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsini davam etdirmək imkanı verəcək.

«Bu yeni maliyyə aləti sayəsində «Unibank» təkrar maliyyələşdirmə strukturunu gücləndirərək sonrakı inkişaf üçün kifayət qədər vəsait əldə edəcək. İstiqrazların konvertasiyası sərmayədarlara onları, zərurət olduqda, bankın səhmlərinə dəyişmək imkanı verir. Bu xüsusiyyət, istiqrazları həm «Unibank», həm də investorlar üçün cəlbedici edir», - deyə DEG-in Maliyyə təsisatları üzrə Departamentinin başçısı Andreas Tsaysler şərh verib.

EBRD ilə «Unibank» arasında əməkdaşlıq 2003-cü ildə, pay maliyyələşdirilməsindən və müxtəlif kreditlərin verilməsindən başlanıb. Hazırda EBRD «Unibank»ın səhmlərinin 15%-nin sahibidir və bu günə Banka ümumi məbləği 26,7 mln. dollar məbləğində kreditlər ayırıb. DEG «Unibank»la əməkdaşlığı 2005-ci ildə başlayıb və indiyə qədər Banka 26,3 mln. dollar məbləğində kreditlər verib. DEG isə «Unibank» ASC-də 8% səhmə sahibidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR