Bank Of Baku

«Ansar Leasing» şirkəti lizinq portfelini kəskin artırıb

«Ansar Leasing» şirkəti lizinq portfelini kəskin artırıb
# 04 aprel 2011 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkətinin portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 10 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,1 dəfə çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, şirkət bu ilin yanvar-mart ayları ərzində dəyəri 14 mln. dollara yaxın lizinq avadanlığı verib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,7 dəfə çox olub. Həmçinin, ötən il ərzində bağlanan lizinq müqavilələrinin sayı 16,3 dəfə artaraq 196-ya çatıb.

C.Nağıyev bildirib ki, indiyədək maliyyələşən bütün layihələr İslam prinsiplərinə uyğun həyata keçirilib. Kənd təsərrüfatı sektoru üzrə cəmi 50 min dollarlıq avadanlıq verilib ki, bunun da 40 min dolları (məcmu portfelin 0,5%-i) «Ansar Leasing» tərəfindən maliyyələşib.

Qeyd edək ki, son bir il ərzində şirkətin ölkə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 19 dəfə artaraq 13,4 mln. dollara çatıb. Lizinq portfelinin strukturunda gecikən ödənişlər 0,5%-ə bərabərdir.

Qeyd olunan dövr ərzində şirkətin lizinq portfelinin əsasını ictimai (kommersiya avtomobilləri) nəqliyyat, tikinti sektoru, istehlak təyinatlı minik avtomobilləri təşkil edir.

Xatırladaq ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti 2008-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Lizinq obyektlərinin maliyyələşdirilməsi əməliyyatlarına 2009-cu ilin oktyabr ayında başlayan şirkət əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğuldur və fəaliyyəti şəriət qaydalarına əsaslanır. Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 ay təşkil edir. Şirkət bir layihə üçün maksimum 150 min dollar vəsait ayıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR