Bank Of Baku

Azərbaycan və Cənubi Koreya qiymətli kağızlar bazarı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Cənubi Koreya qiymətli kağızlar bazarı sahəsində əməkdaşlığı genişləndirir
# 05 aprel 2011 15:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjasının (BFB) rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi Koreyanın qiymətli kağızlar bazarlarının əməliyyat və tənzimlənmə mexanizmləri ilə yaxından tanışlıq və bu sahədə təcrübə mübadiləsi, həmçinin iki ölkənin qiymətli kağızlar bazarı təsisatları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi olub.

Martın 28-dən aprelin 4-dək davam edən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Koreya Birjası və onun informasiya texnologiyaları sistemləri üzrə törəmə şirkəti olan KOSCOM, Koreya Qiymətli Kağızlar Depozitarisi, Koreya Maliyyə Nəzarəti Xidməti və Koreya İnkişaf İnstitutunun rəhbər şəxsləri ilə görüşlər keçirib və hər iki ölkənin qiymətli kağızlar bazarı üçün qarşılıqlı fayda doğura biləcək məsələləri müzakirə edib. Belə ki, Koreya Birjasının rəhbəri Bonq Su Kim və KOSCOM-un rəhbəri Vu Cu Ha ilə görüş zamanı Koreya Birjasında qabaqcıl informasiya texnologiyalarının tətbiqi və inkişaf etməkdə olan bir sıra ölkələrin fond bazarlarının müasirləşdirilməsində və avtomatlaşdırılmasında Birjanın iştirakı məsələləri geniş müzakirə edilib, konkret layihələr üzrə təqdimatlar təşkil edilib, Azərbaycan qiymətli kağızlar bazarında ticarət sistemlərinin avtomatlaşdırılması istiqamətində Koreya təcrübəsinin öyrənilməsinə dair əməkdaşlığın davam etdirilməsi istiqamətində razılıq əldə olunub.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Koreya Qiymətli Kağızlar Depozitarisinin prezidenti Li Su Hva ilə görüşərək, Koreya və Azərbaycan qiymətli kağızlar bazarında depozitar və hesablaşma sistemlərinin səmərəliliyinin artırılmasına dair təcrübə mübadiləsi və iki ölkənin kapital bazarlarındakı əməliyyatlar üzrə işbirliyinin yaradılması məsələlərini müzakirə edib. Koreya Qiymətli Kağızlar Depozitarı ilə müzakirələrin yekunu olaraq, MDM ilə Koreya Qiymətli Kağızlar Depozitarı arasında anlaşma memorandumu imzalanıb.
Koreya Maliyyə Nəzarəti Xidmətində keçirilmiş görüş zamanı isə iki ölkənin qiymətli kağızlar bazarı tənzimləyiciləri arasında əməkdaşlıq perspektvləri və təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Son 50 il ərzində «Koreya möcüzəsi» modelinin yaradılmasında əsas rol oynayan və onun sosial-iqtisadi inkişafında «beyin mərkəzi» funksiyasını həyata keçirən Koreya İnkişaf İnstitutunda görüş zamanı İnstitutun rəhbər alimləri tərəfindən Azərbaycan nümayəndə heyəti üçün Koreyanın iqtisadiyyatının uğurlu inkişaf mərhələləri və onu şərtləndirən amillərə dair geniş təqdimat təşkil edilib və hazırda Koreya tərəfindən xüsusi olaraq tətbiq edilən «bilik iqtisadiyyatı» və onun elementlərinə dair ətraflı məlumatlar verilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, eyni zamanda, Koreya Birjasının təşkilati dəstəyi və Koreya maliyyə bazarları institutlarının rəhbər şəxslərinin iştirakılə keçirilən mədəni-idman tədbirlərində də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR