Bank Of Baku

Azərbaycan sığorta qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı yeni layihənin icrasına başlayır

Azərbaycan sığorta qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı yeni layihənin icrasına başlayır
# 13 aprel 2011 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Polşanın Maliyyə Nəzarəti Orqanı ilə birlikdə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı ölkə qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması məqsədilə Polşa təcrübəsinin öyrənilməsi və uyğun tövsiyələrin hazırlanması yönündə birgə layihənin icrasına başlayır.

Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, qeyd olunan layihə Polşanın Maliyyə Nəzarəti Orqanı tərəfindən təklif olunub və Azərbaycan tərəfinin təqdim etdiyi mövzuya uyğun hazırlanıb. Bu ilin dekabr ayına kimi yekunlaşdırılması nəzərdə tutulan layihə 4 mərhələdən ibarətdir. Belə ki, I mərhələdə Azərbaycanın sığorta bazarındakı mövcud vəziyyət və istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar qanunverici sənədlər və praktik materiallar təhlil olunacaq, II mərhələdə Avropa İttifaqı direktivlərinin, habelə Polşa qanunvericiliyi və təcrübəsinin öyrənilməsi üçün polşalı ekspertlər tərəfindən Azərbaycanın sığorta nəzarəti orqanının əməkdaşları üçün təlimlərin keçirilməsi, III mərhələdə Azərbaycan mütəxəssislərinin Varşavaya işgüzar səfəri çərçivəsində sığorta xidmətlərinin göstərilməsi zamanı istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Polşa təcrübəsinin daha yaxından öyrənilməsi və ilkin tövsiyələrin müzakirəsi planlaşdırılır.

Layihənin sonuncu mərhələsində istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi və bu yolla sığorta bazarına inamın artırılması üçün yekun təkliflərin hazırlanaraq Azərbaycan Maliyyə Nazirliyinə təqdim olunmasını nəzərdə tutulur. Bu mərhələdə həmçinin Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı tələblərinə uyğunlaşdırılması üçün nazirliyin layihə üzrə ekspertlərinə on-line yardım göstəriləcək. Bununla yanaşı, Azərbaycanda sığorta sektorunun inkişaf etdirilməsi istiqamətində gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə dəstək olmaq üçün bütünlükdə layihənin icmalını, təhlil olunmuş materialları və mümkün həll yollarını əks etdirən təlimatın yerli ekspertlər üçün hazırlanması da layihənin son mərhələsinə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR