Bank Of Baku

Azərbaycan Hesablama Palatası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində nöqsan və çatışmazlıqlar aşkarlayıb

Azərbaycan Hesablama Palatası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində nöqsan və çatışmazlıqlar aşkarlayıb
# 15 aprel 2011 10:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Hesablama Palatasının 2010-cu ilin İş Planına əsasən Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi üzrə audit aparılıb.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, ötən hesabat dövrlərində olduğu kimi auditlə əhatə olunan dövrdə də mərkəzləşdirilmiş qaydada Vergilər Nazirliyi sistemi üzrə, o cümlədən 3 saylı Ərazi Vergilər İdarəsi üzrə də vergi ödəyicilərinin məlumatlandırılması, uçotu, vergi bəyənnamələrinin təqdim edilməsi, həmçinin, digər aidiyyəti sahələrdə informasiya texnologiyalarının tətbiqi davam etdirilib ki, bu da elektron sənəd dövriyyəsinin həcmini artıraraq vergi sistemində şəffaflığın daha da artmasına xidmət edib.

«Müasir tələblərə cavab verən vergi sisteminin formalaşdırılması istiqamətində görülən davamlı işlər nəzərə alınmaqla normativ-hüquqi aktların tələblərinə riayət edilməsi ilə yanaşı, audit zamanı, həmçinin, bir sıra nöqsan və çatışmazlıqlar aşkarlanıb. Belə ki, auditlə ayrı-ayrı tədiyyə növləri üzrə dövlət büdcəsinə mədaxil proqnoz göstəricilərinin vergitutma bazasının tam şəkildə müəyyən edilmədən tərtib edilməsi, hesablanmış vəsaitlərin tam həcmdə dövlət büdəsinə ödənilməsinin təmin edilməməsi, qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergilərin könüllü ödənilməsi səviyyəsinin aşağı olması, bir sıra vergi ödəyiciləri üzrə əlavə dövriyyələrin yaranması mümkün olan halların, zərərlə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə zərərin yaranmasının, həmçinin müvafiq hesabat dövrlərində böyük həcmdə dövriyyələrə malik olan ayrı-ayrı vergi ödəyicilərinin cüzi mənfəət əldə etməsinin səbəblərinin nəzarət tədbirləri ilə əhatə olunmayaraq araşdırılmaması, səyyar vergi yoxlamasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi zamanı bəzi hallarda Vergi Məcəlləsinin və digər normativ-hüquqi aktların tələblərinin tam şəkildə gözlənilməməsi, icarə haqları üzrə dövriyyələrin düzgün müəyyən edilməməsi, bir sıra vergi ödəyiciləri tərəfindən ƏDV üzrə öhdəliklərin yerinə yetirilməməsinin dövlət büdcəsinə olan borc məbləğlərinin əhəmiyyətli artımına təsir göstərməsi, borc məbləğlərinin ödənilməsinin təmin edilməsi üzrə müvafiq tədbirlər həyata keçirilsə də əhəmiyyətli məbləğlərdə borcu olan vergi ödəyiciləri üzrə borcun ödənilməməsinin səbəblərinin ətraflı araşdırılmaması və nəticədə borc məbləğlərinin artmaqda davam etməsi, vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qəbul edilmiş məhkəmə qərarlarının icra edilməsi vəziyyətinin araşdırılmaması hallarına yol verilib», - deyə Palatadan bildirilib.

Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün maliyyə-təsərrüfat fəaliyyətləri zərərlə nəticələnən, fəaliyyətində əlavə dövriyyələrin yaranması mümkün olan, həmçinin böyük həcmdə dövriyyələri olan (əsasən topdansatış fəaliyyəti ilə məşğul olan), lakin ümumi gəlirdən çıxılan xərclərinin həcmi nəzərə alınmaqla dövlət büdcəsinə cüzi məbləğlərdə vergi hesablayan bir sıra vergi ödəyiciləri üzrə keçirilmiş əlavə vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 33,379 min manat vergi məbləği hesablanıb, bu vəsaitin 13,062 min manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Eyni zamanda, audit zamanı yoxlanılmış dövlət büdcəsinə böyük məbləğlərdə borcu olan vergi ödəyicilərindən 5-i barədə Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən auditdən sonrakı dövrdə 5 cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR