Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin 25%-ə qədəri özəlləşdiriləcək

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin 25%-ə qədəri özəlləşdiriləcək
# 15 aprel 2011 11:39 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Prezident Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.

M.Rəhimov sözlərinə görə, bankın səhmlərinin müəyyən bir payının hər hansı xarici strateji investora satılması nəzərdə tutulur: «Əsas niyyət bankın səhmdarları sırasına xarici investorun cəlb edilməsidir. İlkin mərhələdə strateji investora bankın səhmlərinin 20-25%-nin satılmasından söhbət gedir. Ondan sonra, gələcəkdə, ikinci mərhələdə qalan payın özəlləşdirilməsinə baxıla bilər».

Bununla yanaşı, şöbə müdiri bildirib ki, hələlik Azərbaycan tərəfi potensial investor ola biləcək hər-hansı bir konkret qurumun namizədliyini nəzərdən keçirmir: «Bu işlə maliyyə məsləhətçisi məşğul olacaq».

Xatırladaq ki, ABB-nin səhmlərinin 50,2%-i dövlətə məxsusdur. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin nizamnamə kapitalında dövlətə məxsus payın azaldılması (dövlətsizləşdirilməsi) və özəlləşdirilməsi prosesinə məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender elan edib.

Şərtlərə görə, tender sənədlərin qəbulu 2011-ci ilin aprelin 13-də başa çatıb, tender təklifləri isə aprelin 21-dək təqdim edilməlidir. Zərflərin açılışı iddiaçıların və ya onların nümayəndələrinin iştirakı ilə aprelin 22-də həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR