Azərbaycan sığorta bazarı son bir ildə 11% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 11% artıb
# 15 aprel 2011 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanmış sığorta haqlarının ümumi həcmi 49,129 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 26,2% artaraq 12,975 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 818,555 min manat, qeyri-həyat sığortası üzrə 36,052 mln. manat, icbari sığorta növləri üzrə isə 13,248 mln. manat olub.

Ödənişlərə gəldikdə isə, həyat sığortası üzrə 16,933 min manat, qeyri-həyat sığortası üzrə 10,966 mln. manat, icbari sığorta növləri üzrə isə 1,992 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (12,543 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (8,045 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (4,391 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 26%, 16,4% və 9% və təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (3,874 mln. manat və ya 30%), «Avtonəqliyyat vasitələrinin sığortası» (3,191 mln. manat və ya 25%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (1,551 mln. manat və ya 12%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR