Bank Of Baku

Azərbaycanda «Kredit ittifaqları haqqında» qanuna dəyişikliklərlə bağlı ilkin təkliflərin müzakirəsinə başlanılıb

Azərbaycanda «Kredit ittifaqları haqqında» qanuna dəyişikliklərlə bağlı ilkin təkliflərin müzakirəsinə başlanılıb
# 20 aprel 2011 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı hazırlanmış ilkin layihənin müzakirəsinə başlanılıb. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, müzakirələrə qanun layihəsinin işlənib hazırlanmasında yaxından iştirak etmiş Polşa Kredit İttifaqları Assosiasiyasının mütəxəssisi Pavel Djezi də dəvət olunub. Polşalı mütəxəssis bununla bağlı artıq Bakıya gəlib.

E.Bağırov bildirib ki, mövcud qanundakı boşluqların araşdırılması və qanunun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə polşalı mütəxəssis tərəfindən yeni təkliflər hazırlanıb. «Təkliflər Ümumdünya Kredit İttifaqları Şurasının (World Council of Credit Unions) standartlarına uyğun işlənib. Təkliflərdə kredit ittifaqlarının qeydiyyatdan MMC kimi deyil, ASC və ya QSC formasında keçməsi, ittifaqların depozit cəlb etməsi və digər zəruri bəndlər qeyd olunub. Yeni layihədə depozitin cəlb edilməsi hər kredit ittifaqına şamil edilmir. Belə ki, depozit cəlb etmək istəyən ittifaqların kapitalı, prudensial hesabatları və digər detalları nəzərə alınacaq», - deyə E.Bağırov vurğulayıb.

AKİA başçısı qeyd edib ki, dünya təcrübəsinə görə kredit ittifaqları kooperativlər şəklində yaradılır. Kredit ittifaqları yaradılarkən ittifaqın vəsaitlərinin 80%-i cəlb edilən depozitlər, 20%-i isə pay bölgüsü və üzvlük haqlarının payına düşür. «Ümumiyyətlə, «Kredit ittifaqları haqqında» qanunda bu müddəalar olmadığı üçün Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları iri həcmli kapital formalaşdıra bilmir. Həmçinin, üzvlər üçün kreditin verilməsi də istənilən səviyyədə təmin edilmir. Bu zaman müştərilər mikrokredit təşkilatlarına müraciət edirlər», - deyə E.Bağırov bildirib.

E.Bağırov əlavə edib ki, müzakirələr bu həftənin sonuna kimi davam edəcək və təkliflərin yekun variantı Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim ediləcək. Yeni qanun layihəsi AMB tərəfindən bəyənilərsə, layihə Milli Məclisin müzakirəsinə çıxarıla bilər.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 70-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR