Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı növbəti «Maliyyə sabitliyi icmalı»nı dərc edib

Azərbaycan Mərkəzi Bankı növbəti «Maliyyə sabitliyi icmalı»nı dərc edib
# 07 iyun 2011 11:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2011-ci ilin I rübündə həyata keçirilən maliyyə sabitliyi siyasəti bank sisteminin maliyyə dayanıqlığının qorunmasına yönəldilib. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin növbəti «Maliyyə sabitliyi icmalı»nda deyilir.

İcmalda göstərilir ki, ölkədə maliyyə sabitliyi qorunub saxlanıb, milli valyuta sabit qalıb, maliyyə sisteminin institusional inkişafı davam edib, maliyyə xidmətlərinə çıxış imkanları artıb. Hesabat dövründə bank sektorunun əsas göstəriciləri məqbul səviyyədə olub, iqtisadiyyatın kreditləşdirilməsi davam etdirilib. Valyuta bazarının mütəşəkkil və qeyri-mütəşəkkil seqmentlərində artım müşahidə olunub. Fiziki və hüquqi şəxslərin banklardan nağd xarici valyuta alışı üzrə əməliyyatların həcmi yüksəlib. Dövlət və korporativ qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlərin artım meylləri qeydə alınıb.

Hesabat dövründə bankların likvidliyi və kredit riskləri diqqət mərkəzində saxlanılıb, bank sisteminin dayanıqlığı məqbul səviyyədə olub. Makro stress-testləşdirmə nəticələri bank sisteminin hətta ən kəskin makroiqtisadi şoklara dayanıqlı vəziyyətdə və kredit risklərinin idarə olunan səviyyədə olduğunu göstərir. Bank sektorunun məcmu kapitalının həcmi artıb. Sektorun mənfəətinin əsas hissəsini faiz gəlirləri təşkil edib və mənfəət mütləq məbləğdə sabit qalıb. Kredit portfelinin strukturunda milli valyutada kreditlər və uzunmüddətli kreditlər əhəmiyyətli paya malik olub.

AMB-nin hesablamalarına görə, kreditlərin stabil resurslar hesabına maliyyələşməsi hesabat dövründə davam edib, əmanətlərin müddət və valyuta strukturunda müsbət meyllər müşahidə olunub. Bank sisteminin kapital adekvatlığı və likvidlik göstəriciləri məqbul səviyyədə saxlanıb və artım tendensiyası müşahidə edilib.

Ümumilikdə, 2011-ci ilin I rübündə qlobal və milli iqtisadiyyatda artım prosesləri davam edib, ölkədə makroiqtisadi sabitlik qorunub. Azərbaycan maliyyə sistemi bu mühitdə fəaliyyət göstərib və maliyyə sabitliyi qorunub saxlanılıb. Qlobal iqtisadiyyatın canlanması və enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi fonunda Azərbaycanın xarici mövqeyində yaxşılaşma meylləri güclənib. Əhali gəlirlərinin və iqtisadiyyata qoyulan investisiyaların artması ölkədə iqtisadi canlanmaya səbəb olub, investisiya aktivliyi yüksəlib. İqtisadi aktivliyin dövlət tərəfindən dəstəklənməsi, mühüm struktur və institusional dəyişikliklərin baş verməsi iqtisadiyyatın dinamikasına müsbət təsir edib.

Hesabat dövründə AMB siyasət hədəflərinin başlıca istiqamətləri kimi inflyasiyanın məqbul səviyyədə saxlanması, manatın məzənnə sabitliyinin qorunması və bank sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasını qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR