Bank Of Baku

Azərbaycanda əmanətlər üzrə real faiz dərəcəsi hələlik müsbətdir

Azərbaycanda əmanətlər üzrə real faiz dərəcəsi hələlik müsbətdir
# 25 iyul 2011 12:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın bank sistemində fiziki şəxslərin manat əmanətləri üzrə orta faiz dərəcələrinin səviyyəsi 2011-ci il iyunun 1-nə illik 11,66% təşkil edib.

APA-Economics” tərəfindən rəsmi statistika əsasında aparılmış hesablamalara görə, manat əmanətləri üzrə real orta faiz dərəcəsi illik 2,76%-ə bərabər olub.

Qeyd edək ki, real faiz dərəcəsi əmanətlərin elan edilmiş faiz dərəcəsindən illik inflyasiya göstəricisini çıxmaqla müəyyən olunur.

Azərbaycanda 2011-ci il yanvar-may aylarında illik inflyasiya 8,9% təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin yekunlarına görə, əmanətlər üzrə elan olunmuş faiz dərəcəsi 11,79% təşkil edib, 5,7% səviyyəsində olan illik inflyasiyanı nəzərə almaqla real faiz dərəcəsi isə 6,09%-ə bərabər olub. Eyni zamanda 2009-cu ilin yekunlarına görə əmanətlər üzrə orta faiz dərəcəsi 12,98% olub. 2009-cu ildəki 1,5%-lik inflyasiyanı nəzərə aldıqda isə real faiz dərəcələrinin 11,48% təşkil etdiyi aydın olur.

Beləliklə, manat əmanətləri üzrə real orta faiz dərəcələrində daim azalma müşahidə olunur. Eyni zamanda may ayında bu göstəricinin 0,1 faiz bəndi səviyyəsində artım baş verib ki, bu da 5 aylıq inflyasiyanın 4 aylıq inflyasiyadan 0,1 faiz bəndi azalmasının, əmanətlər üzrə faiz dərəcələrinin isə dəyişməməsinin nəticəsi olub.

Göründüyü kimi, Azərbaycanda əmanətçilərin faiz gəliri yalnız qiymət artımını ödəməyə və cəmi 2,8%-lik mənfəət əldə etməyə imkan verir. Aydındır ki, illik inflyasiya təxminən 12%-ə çatsa, əmanətlər üzrə real faiz dərəcəsi mənfi olacaq ki, bu da bank sistemi üçün neqativ əlamətdir. Belə bir şəraitdə bankların faiz dərəcələrini artırması zərurəti yaranacaq və ya əmanətlərin banklardan çıxarılması və digər investisiya istiqamətlərinə yönəldilməsi ilə nəticələnəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR