Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarı birinci yarımillikdə 50% artıb

Azərbaycanın qiymətli kağızlar bazarı birinci yarımillikdə 50% artıb
# 01 avqust 2011 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanın qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 331,5 mln. manat təşkil edib. Hesabat dövründə səhmlərlə təkrar bazar əməliyyatlarının həcmində 21% artım müşahidə olunub və səhmlərin ilkin və təkrar bazarında əməliyyatların həcmi 80,6 mln. manat təşkil edib. Korporativ istiqrazlar bazarında əməliyyatların həcmi isə 2,2 dəfə artaraq 250,8 mln. manat təşkil edib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-iyun aylarında ipoteka istiqrazlarının ilkin və təkrar bazarında əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 95% artaraq 212,7 mln. manata çatıb. Bu dövrdə, müxtəlif gəlirlikli, müddətli və nominasiyalı korporativ borc alətlərinin bazara çıxarılması davam edib və xarici valyutada nominasiya olunmuş istiqrazların ilkin və təkrar bazarı yüksək artım nümayiş etdirərək 20,9 mln. manat təşkil edib. Hesabat dövrü ərzində ilk dəfə olaraq xarici valyutada nominasiya olunmuş və investorlara istiqrazlarını emitent ilə öncədən razılaşdırılmış qiymətə səhmlərə konvertasiya etmək hüququ verən istiqrazlar müvəffəqiyyətlə yerləşdirilib.

Cari ilin ilk yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətini neytrallaşdırması nəticəsində dövlət qiymətli kağızları, eləcə də AMB-nin notlarının dinamikasında yüksək artım müşahidə olunub. Belə ki, hesabat dövrü ərzində dövlət qiymətli kağızlarının ilkin və təkrar bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 194,1 mln. manat, sterilizasiya aləti olan AMB-nin notlarının ilkin və təkrar bazarının həcmi isə 4,4 dəfə artaraq 492 mln. manat təşkil edib.

Hesabat dövründə AMB-nin notları və müxtəlif müddətli dövlət istiqrazlarının gəlirlikləri üzrə də artım qeydə alınıb. Belə ki, AMB-nin notlarının gəlirliyi ilin əvvəlindən 2,20%-dən 2,50%-ə, 1 aylıq dövlət istiqrazlarının gəlirliyi 1,36%-dən 1,46%-ə, 3 aylıq dövlət istiqrazlarının gəlirliyi 1,61%-dən 2,3%-ə, 6 aylıq dövlət istiqrazlarının gəlirliyi 2,01%-dən 2,99%-ə artıb, 1 illik geriçağrılabilən dövlət istiqrazlarının gəlirliyi isə 4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR