Bank Of Baku

Azərbaycan ABŞ-da defolt gözləntiləri ilə bağlı mövqeyini açıqlayıb

Azərbaycan ABŞ-da defolt gözləntiləri ilə bağlı mövqeyini açıqlayıb
# 01 avqust 2011 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov son bir ay ərzində ABŞ-da defolt gözlənilməsi barədə gedən müzakirələrə dair mövqeyini bildirib. «APA-Economics»in məlumatın görə, nazir ABŞ-ın Konqres ilə Administrasiya arasında dövlət borcunun yuxarı həddinə dair bir müddətdir ki, aparılan mübahisələri beynəlxalq maliyyə sistemi və maliyyə bazarı üçün müsbət hal kimi qiymətləndirib. Onun sözlərinə görə, dünyanın əsas ehtiyat valyutası olan ABŞ dollarının emitenti olan Birləşmiş Ştatlar hökumətinin beynəlxalq maliyyə-bank və ödəniş sisteminin normal fəaliyyət göstərməsi üzrə xüsusi məsuliyyəti mövcuddur. Bu valyuta ilə əksər beynəlxalq ticarət əqdləri üzrə ödənişlər aparılır və dünya üzrə maliyyə aktivlərinin 70%-dək hissəsi məhz bu valyutada saxlanılır.

S.Şərifov bildirib ki, 2008-2009-cu illərdə dünya maliyyə bazarlarında baş vermiş böhran ABŞ və digər inkişaf etmiş dövlətləri maliyyə bazarlarının və bank sisteminin iflic vəziyyətə düşməməsi məqsədilə yumşaq pul-kredit siyasəti aparmağa, bazarlara böyük həcmlərdə əlavə likvidlik verməyə vadar edib: «Dünyanın əsas ehtiyat valyutalarının emitentləri olan dövlətlərdə pul çap edən maşınlar dayanmadan çalışırdı. Bu baxımdan, ABŞ dövlət borcunun yuxarı həddi üzrə daha sıx nəzarətin həyata keçirilməsi şübhəsiz ki, maliyyə bazarları üçün və ABŞ dollarında aktivlərini saxlayan hər bir dövlət, bank, şirkət və şəxslər üçün sabitləşdirici, eyni zamanda müsbətə doğru atılmış addım kimi qarşılanmalıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, dünyanın bir çox mühüm iqtisadi və maliyyə qüdrətinə malik olan dövlətlərin, onların mərkəzi bankları və digər maliyyə qurumlarının trilyonlarla dollarla ölçülən ABŞ istiqrazlarından ibarət investisiya portfelləri mövcuddur».

S.Şərifov Azərbaycan Dövlət Neft Fondu və ya Azərbaycan Mərkəzi Bankı vasitəsilə ABŞ hökumətinin qiymətli kağızlarında yerləşdirdiyi vəsaitlərlə bağlı hər hansı təşviş üçün heç bir əsas olmadığını vurğulayıb. Nazir avqustun 2-də və ya bu tarixdən bir qədər sonra ABŞ dövlət borcunun limiti üzrə anlaşmaya nail olunacağına əminliyini ifadə edib. ABŞ hökumətinin buraxdığı istiqrazlara isə maraq ən etibarlı və risksiz sərmayələrdən biri kimi ənənəvi olaraq yenə də yüksək qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR