«DəmirBank» səhmdarlarına 5% məbləğində divident ödəyəcək

«DəmirBank» səhmdarlarına 5% məbləğində divident ödəyəcək
# 02 avqust 2011 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda «DəmirBank»ın fəaliyyəti ilə bağlı strateji məsələlər müzakirə olunub və qərarlar qəbul edilib. Belə ki, tədbirdə kənar auditor tərəfindən təsdiqlənən və Audit Komitəsi tərəfindən tövsiyə edilən 2010-cu ilin yekunlarına dair Bankın illik maliyyə hesabatı, 2010-cu ilin iyunun 12-də səhmdarların ümumi yığıncağında elan edilən səhmlərin 1 mln. manat məbləğində növbəti emissiyasının nəticələri təsdiq edilib, eyni zamanda Bankın nizamnamə kapitalının daha 1 mln. manat artırılması və bu məbləğdə əlavə səhmlərin emissiyası barədə, Bankın səhmdarlarına 1 mln. manat məbləğində dividentlərin ödənilməsi barədə, Bankın törəmə müəssisəsi olan «ADB Broker» MMC-nin fəaliyyətinin ölkənin qiymətli kağızlar bazarında genişləndirilməsi və xarici bazara çıxması üçün zəmin yaradılması məqsədilə müəssisənin 106 min manat məbləğində bölüşdürülməmiş mənfəəti hesabına nizamnamə kapitalının artırılması barədə və Bankda növbəti audit yoxlamasının aparılması üçün yeni audit şirkətinin seçilməsi üzrə tender elan olunması barədə qərarlar qəbul edilib.

«Bankın fəaliyyəti nəticəsində 2010-cu ildə əldə edilmiş və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq «PricewaterhouseCoopers» beynəlxalq auditor şirkəti tərəfindən təsdiqlənən xalis mənfəətindən 1 mln. manat divident şəklində səhmdarlar arasında bölüşdürüləcək. Bu məbləğdən ilk növbədə imtiyazlı səhmlər üzrə illik 15% ödəniləcək, qalan məbləğ adi səhmlər üzrə mütənasib qaydada bölüşdürüləcək», - deyə bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

Xatırladaq ki, bu, 2011-ci ildə «DəmirBank»ın səhmdarlarının 2-ci ümumi yığıncağıdır. Cari ilin aprelin 20-də səhmdarlarının növbədənkənar ümumi yığıncağında Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) 30 mln. ABŞ dolları məbləğinədək sindikativ kreditin cəlb edilməsinə razılıq verilib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki adı «Azərdəmiryolbank») 1989-cu ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və FMO daxildir. Bu ilin əvvəlinə bankın nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR