Bank Of Baku

Azərbaycan hökuməti yeni tikilən gəmiqayırma zavodu üçün avadanlıqları vergidən azad edib

Azərbaycan hökuməti yeni tikilən gəmiqayırma zavodu üçün avadanlıqları vergidən azad edib
# 04 avqust 2011 07:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda inşa olunan gəmiqayırma zavodu üçün xaricdən gətirilən mal və avadanlıqlar əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilib. «APA-Economics»in məlumatına görə, bu, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarda əksini tapıb.

Qərarlara əsasən, Azərbaycan ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına dəyişiklik edilib və ƏDV-dən azad olunanların siyahısına «beynəlxalq standartlara cavab verən su nəqliyyat vasitələrini istehsal edən strateji əhəmiyyətli sənaye müəssisələrinin tikintisi üçün layihə çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar» da daxil edilib. Digər qərarla isə adı çəkilən kateqoriyaya aid olan mallar və avadanlıqlar gömrük rüsumlarından da azad edilib.

Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2014-cü il yanvarın 1-dək qüvvədə olacaq.

Qeyd edək ki, Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə anlaşma memorandumu 2009-cu ilin noyabrında imzalanıb. Müəssisə Bakı Dərin Özüllər Zavodunun şimal-şərqində inşa edilir. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 mln. ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur. Xəzərdə ilk belə müasir zavodun tikintisi Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində (tankerlər, hərbi gəmilər, sahil təhlükəsizlik gəmiləri, bərələr və yaxtalar) xüsusi əhəmiyyətə malik olacaq. Zavod həmçinin xarici sifarişlər qəbul edəcək. Müəssisənin tikintisinin ilkin mərhələsində 1000, sonrakı mərhələlərdə isə 1700 yeni iş yerinin açılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR