Bank Of Baku

«AtaSığorta» nizamnamə kapitalını artırır

«AtaSığorta» nizamnamə kapitalını artırır
# 08 avqust 2011 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AtaSığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 25 manat, sayı 200 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Emissiya «AtaSığorta»nın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 24 manat olan 200 min ədəd – 4,8 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 4,2% artaraq 5 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi «AtaHolding» Şirkətlər qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Bu ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,450 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 57% çoxdur. İlin ilk yarısı ərzində «AtaSığorta»nın sığorta hadisələri üzrə ödənişləri 3,3 dəfə artaraq 0,855 mln. manat təşkil edib. Hesabat dövründə şirkətin ümumi gəlirləri 3,105 mln. manat, ümumi xərcləri 2,864 mln. manat olub. Nəticədə, şirkətin balans mənfəəti 0,241 mln. manat təşkil edib.

Hazırda «AtaSığorta» ASC sığortanın 22 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR