Bank Of Baku

Londonda “Azərbaycanın istifadə olunmamış imkanları: hansı maliyyə institutları tanınmalıdır” mövzusunda konfrans keçirilib

Londonda “Azərbaycanın istifadə olunmamış imkanları: hansı maliyyə institutları tanınmalıdır” mövzusunda konfrans keçirilib
# 10 noyabr 2011 11:54 (UTC +04:00)
AAC-dan “APA-Economics”ə verilən məlumata görə, “Baker & McKenzie” şirkətinin qərargahında keçirilən konfransda çıxış edən AAC-ın Məşvərətçi Şurasının sədri Lord Lerd (Lord Laird) Azərbaycanın Qərbə meylli ölkə olduğunu bildirib: “Bu ölkənin maliyyə sektorunda çalışan əksər gənclər qərbdə təhsil alıb. Onlar Böyük Britaniyada və digər Qərb ölkələrində təşəbbüslər irəli sürür ki, bu da Azərbaycanın sürətli inkişafına gətirib çıxarır. Böyük Britaniya və Azərbaycan arasında xüsusilə güclü əlaqələr var və Böyük Britaniya ölkəyə ən çox birbaşa xarici investisiya yatıran ölkə olaraq qalır”.

“Baker & McKenzie” şirkətinin nümayəndəsi Dən Metius (Dan Matthews) qeyd edib ki, Azərbaycan iqtisadiyyatı neft və qazdan asılıdır: “Qlobal maliyyə böhranına baxmayaraq, ÜDM artır. “Total” şirkəti Xəzərdə yeni yataqlar kəşf edib, Azərbaycan Dövlət Neft Şirkəti müstəqil emal kompleksi yaratmağı planlaşdırır. İqtisadiyyatının inkişaf etməsi ilə Azərbaycan gələcəyə baxır. Xüsusilə də maliyyə sektorunun inkişafı ilə bağlı ölkə ümidlərini Qərbə bağlayır. Onun xarici borcu azdır, lakin bank sektoru zəif inkişaf edib. Maliyyə xərcləri yüksəkdir, xarici maliyyələşməyə ehtiyac var”.

Bank sektoru ilə bağlı keçirilən birinci sessiyada “VTB Capital” (London) bankının idarə rəisinin müavini Fuad Hüseynli Azərbaycanda qeyri-neft sektorunun diversifikasiyasına böyük ehtiyac olduğunu bildirib: “Azərbaycanda dəmiryol infrastrukturunun inkişafı kimi layihələr həyata keçirilir. Bundan əlavə, ARDNŞ ilin sonuna kimi istiqraz emissiyası planlaşdırır. Azərbaycan Qərbi alqışlayır və ölkədə həyata keçirilən layihələrin xarici maliyyələşməyə ehtiyacı var”.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) sərmayələr üzrə direktoru İsrafil Məmmədov fondun davamlı iqtisadi inkişafı təmin etmək üçün sərmayə qoyuluşunda neft gəlirlərindən istifadə etdiyini söyləyib: “İnvestisiyalar xaricdən qoyulmalıdır, bu isə Qərb banklarına yeni imkanlar açır”.

Konfransın qiymətli kağızlar bazarına həsr olunmuş ikinci sessiyasında inkişafın bir sıra sahələri müzakirə olunub. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Araşdırma və Bazar İnkişafı Departamentinin rəhbəri Emin Muradov Azərbaycanda istiqraz bazarına böyük ehtiyac olduğunu vurğulayıb: “Xüsusilə infrastruktur layihələrinin maliyyələşdirilməsində, kiçik və orta müəssisələrin genişləndirilməsində qiymətli kağızlar tələb olunur”.

“Sturgeon Capital”ın maliyyə direktoru Tako Siburg Soerdsma bildirib ki, Bakıda 15 illik iş təcrübəsindən sonra belə bir qənaətə gəlib: “Qiymətli kağızlar bazarını uzun müddətli bank depozitləri hesabına inkişaf etdirmək olar. Eyni zamanda kapitallaşma qanunvericiliklə möhkəmləndirilməlidir”.

Konfransın sonuncu sessiyası Beynəlxalq Maliyyə İnstitutlarının Azərbaycanda strateji investor kimi fəaliyyətinə həsr olunub. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları bölməsinin direktoru Kristofer Falko 18 ay ərzində Bakıda apardığı müşahidələrin nəticələrini həmkarları ilə bölüşüb: “Azərbaycan keçid dövrünün başlanğıcındadır. Biz burada investisiya bank proqramı həyata keçirdik. Qərb maliyyə institutları üçün inkişafa təminat vermək və üstün metodlarla işləmək vacibdir”. O bildirib ki, noyabrın 15-də AYİB 2011-ci il üçün Azərbaycanda keçid dövrünə dair hesabatını açıqlayacaq.

Dünya Bankının Avropa və Mərkəzi Asiyada Özəl və Maliyyə Sektorunun İnkişafı bölməsinin maliyyə mütəxəssisi Uzma Xəlil də eyni fikirləri bölüşüb: “Dünya Bankı Dövlət Qiymətli Kağızlar Komitəsi ilə sıx əməkdaşlıq edir. Güclü nizamlayıcı çərçivə artıq hazırdır, burada nəzarət metodologiyasına xüsusi diqqət yetirilib. Sektorda daha böyük bankların və rəqabətin olması vacibdir. Biz Qiymətli Kağızlar Bazarının İnkişafına dair Dövlət Proqramını həyata keçirməyə çalışırıq”.

Fəal sual-cavab sessiyasından sonra bütün iştirakçılar Azərbaycan bank sektorunun inkişafı üçün həlledici bir dövrdə belə bir tədbirin keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR