Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 14,4%-i ötüb

İTM: Azərbaycanda illik inflyasiya 14,4%-i ötüb
# 14 noyabr 2011 11:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Azərbaycanın 10 regionunda ötən ay ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri əsasında yaydığı məlumatda deyilir.

Mərkəzin hesabatına görə, ötən ay ərzaq məhsulları 0,52%, qeyri-ərzaq məhsulları 0,61%, xidmətlər isə 0,22% bahalaşıb.

Oktyabr ayında Bakıda qiymətlər 0,84%, regionlarda 0,12% artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 0,98%, regionlarda 0,06%, müvafiq olaraq qeyri-ərzaq məhsulları 0,92% və 0,30%, xidmətlər isə 0,38% və 0,07% bahalaşıb.

Hesabat ayı ərzində ən çox bahalaşan ərzaq məhsullarından badımcan (19,66%), toyuq yumurtası (15,93%), təbii bal (7,93%), 3-6 yaşlı uşaqlar üçün cins şalvar (10,06%), sement (6,25%) olub. Mövsümi amillərlə bağlı oktyabrda alma (14,78%), baş soğan (11,11%), şirin bibər (5,58%) və s. ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 14,42% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,51%, regionlarda isə 10,40% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (23,48%) olub. Qeyri-ərzaq məhsullarında artım 4,43%, xidmətlərdə isə 4,75% təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə istehlak qiymətləri 9,05%, o cümlədən ərzaq məhsulları 13,85%, qeyri-ərzaq məhsulları 3,16%, xidmətlər isə 4,30% yüksəlib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 167,06 manat, pensiyaçılar üçün 150,96 manat, 0-14 yaşlı uşaqlar üçünsə 209,78 manat təşkil edib.

Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,34 manat, pensiyaçılar 93,82 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 119,42 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,40 manat, pensiyaçılar üçün 34,70 manat, 0-14 yaşlı uşaqlar üçün 72,80 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.

Müqayisə üçün bildirək ki, Dövlət Statistika Komitəsi 2011-ci il oktyabr ayında ərzaq məhsullarının 0,1%, qeyri-ərzaq mallarının 0,4% bahalaşdığını, əhaliyə göstərilən pullu xidmətlərin isə 0,5% ucuzlaşdığını, yekun isə aylıq inflyasiyanın 0% təşkil etdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR