İcmala əsasən, bankların gəlir və xərclərinin strukturu aşağıdakı kimi olub:
(mln. AZN)
| Yanvar-sentyabr, 2010 | Yanvar-sentyabr, 2011 | Dinamika, % |
Faiz gəlirləri | 778,8 | 814,1 | +4,5 |
Faiz xərcləri | 408,0 | 431,5 | +5,8 |
Qeyri-faiz gəlirləri | 190,2 | 226,7 | +19,2 |
Qeyri-faiz xərcləri | 318,9 | 375,0 | +17,6 |
Vergilər ödənildikdən sonra xalis mənfəət | 94,7 | 110,6 | +16,8 |
Kreditlərin cəmi aktivlərdə payının ötən ilin müvafiq dövrü ilə müqayisədə artması ilə əlaqədar bankların müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 8,4% artıb və 749,4 mln. manat təşkil edib. Faiz gəliri gətirən digər əməliyyatlardan (banklararası tələblər, investisiyalar və maliyyə lizinqi) əldə edilən gəlir ötən illə müqayisədə 26,1% azalıb və orta aktivlərə nisbətdə sabit qalaraq 0,6% təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında bankların cəmi qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 19,2% artıb və hesabat dövrünün sonuna 226,7 mln. manat təşkil edib. Bu, valyuta əməliyyatlarından gələn xalis gəlirlərin, müştərilərin hesablarının aparılması və digər xidmət növlərinə görə komissiya gəlirlərinin artması ilə izah olunur. Bütövlükdə, bankların ümumi gəlirləri 1 040,8 mln. manat təşkil edib və ötən ilin müvafiq dövründəki səviyyədən 7,4% çox olub.
Hesabat dövrünün sonuna faiz xərcləri 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,7% artıb və 431,5 mln. manat təşkil edib. Bu, əsasən fiziki şəxslərin uzunmüddətli əmanətlərinin həcminin artması ilə əlaqədardır. Faiz xərclərinin mütləq ifadədə artmasına baxmayaraq, onların orta aktivlərə nisbəti keçən illə müqayisədə 4,6%-dən 4,4%-dək azalıb. Bu da orta aktivlərin daha surətli artması ilə bağlıdır. Qeyri-faiz xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb və oktyabrın 1-nə 375 mln. manat təşkil edib. Buna səbəb bank sistemində əmək haqqı, digər kompensasiya növləri və digər əməliyyat xərclərinin artmasıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların ümumi xərcləri 10,9% artaraq 806,5 mln. manat olub.
İcmalda bildirilir ki, bank aktivlərinin gəlirliliyi (ROA) 1,1%, kapitalın gəlirliliyi (ROE) isə 8,3% təşkil edib.