Bank Of Baku

Proqnoz: Azərbaycanın valyuta ehtiyatlarının artımı gələn il davam edəcək

Proqnoz: Azərbaycanın valyuta ehtiyatlarının artımı gələn il davam edəcək
# 30 dekabr 2011 09:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2012-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə Bəyanatında deyilir.

Bəyanata əsasən, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə növbəti ildə neftin 1 barelinin qiyməti 100 dollardan artıq olacaq ki, bu da büdcə paketində nəzərdə tutulmuş səviyyədən (80 dollar) daha yüksəkdir. Bu şəraitdə cari əməliyyatlar balansında profisit hesabına valyuta ehtiyatlarının artımı davam edəcək. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2012-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 20-25%-i qədər profisitin olacağı gözlənilir.

Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq növbəti ildə ÜDM-in 5,7% artacağı proqnozlaşdırılır. Neft hasilatının gözlənilən həcmini nəzərə alaraq iqtisadi artım qeyri-neft sektoru hesabına (əsasən daxili tələbin təsiri altında) baş verəcək. Qarşıdakı ildə inflyasiya amillərinin həm daxili tələbin, həm də xarici amillərin təsiri altında formalaşacağı gözlənilir. Bu şəraitdə növbəti ildə makroiqtisadi sabitlik hədəflərinin aktuallığı daha da artır. Ümumilikdə, növbəti ildə də antiinflyasiya siyasəti öz aktuallığını saxlayacaq və Mərkəzi Bankın 2012-ci il üçün pul siyasətinin başlıca hədəfini illik inflyasiyanın tək rəqəmli səviyyədə saxlanması təşkil edəcək. İnflyasiya üzrə hədəfə nail olmaq üçün Mərkəzi Bank pul təklifi və valyuta məzənnəsindən aralıq hədəflər kimi istifadə edəcək. Strateji dövrdə isə Mərkəzi Bankın qarşısında duran vəzifə məcmu tələbə təsir etmək və bu yolla inflyasiyanı birbaşa hədəfləmək imkanlarının artırılmasıdır. Bu imkanın yaranması pul siyasətinin məcmu tələb və pulun dəyəri üzərində monetar nəzarətinin güclənməsini təmin edən amildir.

Bəyanatda deyilir ki, manatın məzənnəsi makroiqtisadi sabitliyin saxlanmasında, maliyyə sabitliyinin idarə olunmasında, habelə qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında əhəmiyyətli amil olaraq qalacaq. Gələn ildə ölkəyə valyuta daxilolmalarının artması manatın məzənnəsinə təsir edən əsas makroiqtisadi amildir. Manatın real effektiv məzənnəsinə neft gəlirlərinin əhəmiyyətli təsirini nəzərə alaraq orta müddətli dövr üçün daha çevik məzənnə rejiminə tədrici keçid imkanları nəzərdən keçiriləcək.

Bank sahəsində Mərkəzi Bankın prioritetlərdən biri kimi bank sektorunun restrukturizasiyası və dövlətsizləşdirilməsi, sektorda rəqabətin stimullaşdırılması göstərilir. Sektorda rəqabət mühitinin gücləndirilməsi məqsədilə «brend» xarici bankların investisiya qoyuluşları təşviq olunacaq. Bank sisteminin xarici mühitdən yarana biləcək mümkün riskləri daha hazırlıqlı qarşılaması üçün daxili institusional potensialı artırılacaq və inkişaf etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR