Cədvəllərdən göründüyü kimi, ölkə daxilində və xaricdə qızılın qiymətinin trendi bir-birini təkrarlayır. Bu amil Azərbaycan Mərkəzi Bankı tərəfindən ilk növbədə qızılın məzənnəsinin müəyyən edildiyi zaman dünya bazarlarında müşahidə olunan tendensiya və göstəriciləri nəzərə aldığını göstərir. Eyni zamanda, rəqəmlərdə müəyyən dərəcədə fərqlənmə müşahidə olunur. Belə ki, Azərbaycanda qızıl 8,7% bahalaşdığı halda, dünya bazarlarında bu metal 12,4% bahalaşıb. Bu isə məzənnə müəyyən edildikdə Mərkəzi Bank tərəfindən təkcə xarici amillər deyil, həmçinin müəyyən digər amillərin də nəzərə alındığını göstərir.
Qeyd edək ki, qızılın dünya bazarlarında və Azərbaycanda bahalaşması dünya iqtisadiyyatında və ilk növbədə ABŞ-da dövlət büdcəsinin kəsiri, Avrozonada isə dövlət borcları ilə bağlı olan problemlər nəticəsində maliyyə bazarlarında yaranmış qeyri-müəyyənlik səbəbindən baş verib. Bu qeyri-müəyyənliyə görə investorlar vəsaitləri daha təhlükəsiz aktivlərə yönəltməyə çalışıb ki, bu aktivlərin əsası qızıldır. Nəticədə, qızıla olan tələbat artıb ki, bu da qiymətə yüksəldici təsir göstərib.