Bank Of Baku

BVF: Azərbaycan antikorrupsiya tədbirlərini genişləndirməlidir

BVF: Azərbaycan antikorrupsiya tədbirlərini genişləndirməlidir
# 19 yanvar 2012 16:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Azərbaycan üzrə IV Maddəyə dair aparılan məsləhətləşmələrin yekunlarına həsr olunmuş Bakı ilə Vaşinqton arasında keçirilən video-konfrans çərçivəsində çıxış edən BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

2011-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin demək olar ki, sıfır səviyyəsinə düşməsini texniki səbəblərlə, yəni neft hasilatının azalması ilə izah edən N.İlahi ümumilikdə ölkə iqtisadiyyatının durumunu müsbət qiymətləndirib: «Ümumiyyətlə, Azərbaycan qlobal maliyyə böhranından yaxşı çıxıb. Ölkədə iqtisadi inkişaf, o cümlədən qeyri-neft sektorunun inkişafı müşahidə olunub, yoxsulluq səviyyəsinin azalması istiqamətində addımlar atılıb. Bu proseslər artıq 8-9 ildir ki, Azərbaycanda müşahidə olunur. Bizim gözləntilərimiz Azərbaycanın qeyri-neft sektorunun 5-5,5% artacağından ibarətdir».

Ümumilikdə BVF 2012-ci ildə Azərbaycanda iqtisadi artımın 3,7% ətrafında olacağını gözləyir.

Yeri gəlmişkən, BVF-nin neftin qiyməti ilə bağlı proqnozları iki ssenariyə əsaslanır. Dünya iqtisadiyyatının nisbətən sabit durumuna əsaslanan birinci ssenaridə neftin qiymətinin 100 dollar ətrafında olacağı gözlənilir. «Böhran ssenarisi»ndə isə neftin 50 dollaradək ucuzlaşacağı baş verə bilər.

N.İlahi bildirib ki, Azərbaycan neftdən asılılığını azaltmalı, iqtisadiyyatın qeyri-neft sektorunu bir qədər də inkişaf etdirməlidir: «İqtisadiyyatın diversifikasiyası məhz bu yolla həyata keçirilməlidir. Ümumiyyətlə, özəl sektorun iqtisadiyyatın mühərrikinə çevrilməsi üçün Azərbaycan ticarət sahəsində maneələri aradan qaldırmalı, kiçik və orta sahibkarlığı bir qədər də inkişaf etdirməlidir».

Azərbaycan hökumətinin antikorrupsiya tədbirlərini yüksək qiymətləndirən BVF-nin nümayəndəsi onu da bildirib ki, ölkə hökuməti bu istiqamətdə görülən tədbirləri davam etdirməli və genişləndirməlidir: «Bu istiqamətdə Azərbaycanın «Bir pəncərə» prinsipinin tətbiqi və «Elektron hökumət» layihəsinin həyata keçirilməsi təqdirəlayiqdir».

Video-konfrans zamanı N.İlahi həmçinin iqtisadi siyasətlə bağlı ölkənin qarşısında duran digər vəzifələri də təqdim edib, 2011-ci ilin oktyabr ayında Azərbaycana səfər etmiş BVF-nin missiyasının işinin nəticələrini təfərrüatı ilə danışıb.

Qeyd edək ki, IV maddə Azərbaycan iqtisadiyyatının bütün sahələrində icmalın aparılması və sonradan Azərbaycan hökumətinə təklif və tövsiyələrin verilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR