Bank Of Baku

Azərbaycan indiyədək AYİB-dən 1,230 mln. dollar kredit cəlb edib

Azərbaycan indiyədək AYİB-dən 1,230 mln. dollar kredit cəlb edib
# 02 aprel 2012 07:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) əməkdaşlıq etdiyi gündən 2012-ci il yanvarın 1-dək 9 layihənin maliyyələşdirilməsi üçün ümumi məbləği 1 229,45 mln. ABŞ dolları təşkil edən 9 kredit sazişi imzalanıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, bundan 479,45 mln. dollar məbləğində kredit hesabına 8 layihənin icrası başa çatıb, 750 mln. dollar məbləğində kredit hesabına 1 layihənin («Avtomobil yollarının təmiri və bərpası layihəsi») icrasına isə 2012-ci ildə başlanacaq: «Azərbaycanda «Avtomobil yollarının təmiri və bərpası layihəsi»nin icrası üçün 2011-ci ildə AYİB tərəfindən ilk 3 ili güzəştli olmaqla 15 il müddətinə illik LIBOR+1% dərəcəsi ilə üçn eyni həcmli tranşla 750 mln. dollar məbləğində kredit ayrılıb. Layihənin məqsədi Azərbaycanın regionlarında yol şəbəkəsinin yenidən qurulmasının və bərpasının bir hissəsinin maliyyələşdirilməsidir».

«AYİB tərəfindən ayrılan ümumi kreditlərdən 2012-ci il yanvarın 1-nə 476,3 mln. dollar istifadə edilib. Nəzərdə tutulmuş qrafik üzrə 205,8 mln. dollar məbləğində əsas borc qaytarılıb», - deyə hesabatda qeyd olunub.

İcrası başa çatmış «Yenikənd su elektrik stansiyasının tikintisi» (53,2 mln. dollar), «Hava naviqasiya sisteminin modernləşdirilməsi» (13,7 mln. dollar), «Azərbaycan-Transqafqaz dəmir yolu şəbəkəsinin yenidən qurulması» (20,2 mln. dollar) və «Böyük Bakının su təchizatı sisteminin yaxşılaşdırılması» (22,7 mln. dollar) layihələrinin maliyyələşdirilməsi məqsədilə alınmış 4 kredit tam olaraq AYİB-ə qaytarılıb.

Bundan başqa, AYİB tərəfindən Azərbaycana 1992-2011-ci illərdə ümumi məbləği 25,811 mln. avro (34,431 mln. dollar) olan 117 qrant ayrılıb ki, qrantlar əsasən maliyyə, sənaye, ticarət və aqrobiznes, energetika və infrastruktur sahələrinə yönəldilib. Bunlardan, 22,131 mln. avro (29,523 mln. dollar) dəyərində 87 qrant layihəsinin icrası başa çatdırılıb, 3,678 mln. avro (4,908 mln. dollar) dəyərində 30 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR