Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti bu gün 10 illiyini qeyd edir

Beynəlxalq Sığorta Şirkəti bu gün 10 illiyini qeyd edir
# 02 aprel 2012 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) fəaliyyətinin 10 ili tamam olur.

BSŞ-dən «APA-Economics»ə verilən məlumata görə, şirkət 2002-ci ilin aprelin 2-də Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib və hazırda ölkənin aparıcı sığorta şirkətlərindən biridir. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə «GfK Türkiye» şirkəti tərəfindən aparılan marketinq araşdırmasının nəticələrinə əsasən BSŞ ölkənin ən tanınan sığorta şirkəti adlandırılıb.

Ötən ilin nəticələrinə görə, şirkət 12,4 mln. manat sığorta haqqı yığıb, 5,7 mln. manata yaxın sığorta ödənişini həyata keçirib. Şirkət ötən ildə Azərbaycanın sığorta bazarının özəl sektorunda ümumi sığorta ödənişləri üzrə 3-cü yerə, sığorta yığımları üzrə isə 5-ci yerdə qərarlaşıb.

Fəaliyyət dövrü ərzində şirkəti bir sıra mükafatlara («Azərbaycanın sığorta bazarında yeniliklərin tətbiq edilməsi» üçün «Uğur» Milli Mükafatı, «İlin Sığorta Şirkəti» nominasiyasında «Azeri Business Award» mükafatı, Rusiyanın sığorta bazarının sığorta şirkətləri ilə sıx əməkdaşlığına görə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi və səfirliyi tərəfindən təsis edilmiş «Proqress» mükafatı) layiq görülüb.

Şirkət həmçinin 2009-cu ildə «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyindən «B2» səviyyəsində «sabit» reytinq proqnozu ilə maliyyə sabitliyi reytinqi alıb.

BSŞ-nin Direktorlar Şurasının sədri Cəmil Sultanov bildirib ki, Şirkətin 10 illik fəaliyyət dövrü ərzində bir sıra uğurlara imza atıb. Lakin sığorta sahəsində məhsul duyulmaz xarakterli olduğu üçün insanların etimadı ən vacib uğur hesab edilir: «Hazırda tərəfimizdən 980-dən çox daşınmaz əmlak, 6 500-dən çox nəqliyyat vasitəsi və 8 mindən çox şirkət, müəssisə, səfirlik və dövlət strukturlarının əməkdaşları sığortalanıb. Ən əsas nailiyyətimiz 10 illik fəaliyyət ərzində qazandığımız adımızdır! Bununla əlaqədar ilk növbədə Azərbaycan Beynəlxalq Bankına və müştərilərimizə minnətdarlığımı bildirmək istəyirəm, çünki bizim uğurlarımızda onların rolu əvəzedilməzdir.

Qeyd edək ki, BSŞ Azərbaycanda sığorta şəhadətnamələrinin on-line satışını tətbiq edən ilk sığorta şirkəti olub. Hazırda şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növü üzrə xidmət göstərir. Cari ilin aprel ayının 1-nə nizamnamə kapitalının həcmi 8,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR