Bank Of Baku

«Royal Bank» bütün filiallarda nəzarət tədbirlərini gücləndirib

«Royal Bank» bütün filiallarda nəzarət tədbirlərini gücləndirib
# 20 aprel 2012 11:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank» ASC-nin «Xəzər» filialında baş verən hadisələrdən sonra Bank bütün filiallarında nəzarət tədbirlərini gücləndirib. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Fərman Hüseynli bildirib.
F.Hüseynlinin sözlərinə görə, «Xəzər» filialında baş vermiş neqativ hadisə «Royal Bank» ASC-nin və onun filiallarının bu gün tam fəaliyyət göstərməsinə təsir edə biləcək amil deyil. Hazırda «Xəzər» filialı tam qanuni olaraq fəaliyyətini davam etdirir: «Qeyd etmək istərdim ki, «Xəzər» filialında baş verən hadisələrdən sonra Bankda nəzarətin, o cümlədən filialların işinə nəzarətin gücləndirilməsi məqsədilə tədbirlər görülüb. Bankda güclü nəzarət mexanizmlərinin fəaliyyət göstərməsi üçün Azərbaycan Bank Tədris Mərkəzinin dəstəyi ilə yeni struktur hazırlanıb və hazırda Bankda tətbiq edilir. Tətbiq edilən yeni struktur təkmil, vahid bankdaxili nəzarət sistemidir, bu sistem neqativ halların baş verməməsinə tam və effektiv cavab verir».
F.Hüseynli bildirib ki, filialların işinə nəzarətin kəmiyyət və keyfiyyəti gücləndirilib, müştərilərə xidmət təyinatlı bank proseslərinin ümumi sistemə daxil olunması tətbiq edilərək təhlükəsizliyin səmərəliliyi yüksəldilib.
Qeyd edək ki, «Royal Bank» ASC-nin «Xəzər» filialında aparılmış bankdaxili yoxlama nəticəsində filialın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri aşkarlanıb. Bu yoxlamadan sonra bankın «Xəzər» filialının vəzifəli şəxsləri tutduqları vəzifələrdən kənarlaşdırılıb. Müvafiq qanunsuzluqların aşkar edilməsi ilə bağlı tədbirlər görülüb, o cümlədən mülki qaydada məhkəmələrə müraciət edilib. Məhkəmə araşdırması nəticəsində bankın «Xəzər» filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq məhkəmə tərəfindən xüsusi qərardadlar qəbul edilib, sənədlər Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə göndərilib, bundan sonra cinayət işi başlanılıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində istintaq yekunlaşıb və «Royal Bank» ASC-nin «Xəzər» filialının vəzifəli şəxsləri qanunsuz hərəkətləri ilə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib, cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 2 şöbəsi, 8 mübadilə şöbəsi, 31 bankomatı, 113 POS-terminalı və 563 işçisi var.
Cari il aprelin 1-nə bankın aktivləri 180,481 mln. manat, kredit portfeli 123,263 mln. manat, depozit portfeli 80,113 mln. manat, nizamnamə kapitalı isə 22,139 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR