Bank Of Baku

Azərbaycanda vergi güzəştlərinin müddətinin bitməsi nəticəsində ilkin səhm bazarında yerləşdirmələrin sayı 41%, həcmi isə 27% azalıb

Azərbaycanda vergi güzəştlərinin müddətinin bitməsi nəticəsində ilkin səhm bazarında yerləşdirmələrin sayı 41%, həcmi isə 27% azalıb
# 09 avqust 2012 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanın qiymətli kağızlar bazarı fəaliyyətini antiinflyasiya xarakterli pul siyasəti və bir sıra struktur amillərinin dəyişkənliyi fonunda davam etdirib. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən 2012-ci ilin ilk yarısı üzrə dərc olunmuş fəaliyyət hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, cari ilin yanvar-iyun aylarında korporativ qiymətli kağızlar bazarının həcminin azalmasına baxmayaraq, dövlət qiymətli kağızlar bazarında qeydə alınmış artım bütövlükdə bazarın dinamikasına müsbət təsir edib və qiymətli kağızlar bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 5,8 mlrd. manat təşkil edib.

«Hesabat dövründə dövlət qiymətli kağızları ilə keçirilən əməliyyatların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmasına baxmayaraq, əməliyyatların həcmi 64% artaraq 5,6 mlrd. manat təşkil edib. Dövr ərzində Maliyyə Nazirliyi tərəfindən konservativ borclanma siyasətinin həyata keçirilməsi dövlət istiqrazlarının həcmində əhəmiyyətli geriləmənin qeydə alınmasına səbəb olub. Belə ki, hesabat dövründə dövlət istiqrazları bazarının həcmi 37 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 81% azdır. Buna baxmayaraq, bütövlükdə bazarın bu seqmenti üzrə artım Mərkəzi Bankın notları və onlarla keçirilən repo əməliyyatları hesabına reallaşıb. Belə ki, cari ilin ilk yarısında Mərkəzi Bank tərəfindən bazarda yerləşdirilən notların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25%, bu alətlərin təkrar bazarı isə 31% artıb, bütövlükdə bazarın həcmi 25% artaraq 616,7 mln. manat təşkil edib. Hesabat dövrü ərzində repo əməliyyatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9%, əməliyyatların həcmi isə 81% artaraq 4,9 mlrd. manat təşkil edib», - deyə hesabatda qeyd olunub.

Bununla yanaşı, hesabat dövründə korporativ qiymətli kağızlar bazarının ümumi həcminin azalmasına baxmayaraq, əməliyyatların sayında artım müşahidə edilib. Belə ki, korporativ qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artıb, lakin korporativ borc alətlərinin dinamikasında müşahidə olunmuş geriləmə nəticəsində bazarın həcmi 30% azalaraq 231,2 mln. manat təşkil edib: «Yanvar-iyun ayları ərzində səhmlərin ilkin bazarının bir sıra struktur amillərinin dəyişkənliyi fonunda geriləməsinə baxmayaraq, səhmlərin təkrar bazarında əməliyyatların sayı və həcminin artması bütövlükdə səhm bazarının müsbət dinamikasını təmin edib. Belə ki, səhm bazarının ən aktiv iştirakçılarından olan bank və sığorta şirkətlərinin kapitalının artırılmasını təşviq etmək məqsədi ilə 2009-cu ildən başlayaraq tətbiq edilmiş vergi güzəştlərinin cari ilin əvvəlində müddətinin bitməsi və bunun da öz növbəsində bu şirkətləri səhm bazarından maliyyələşmə stimuluna mənfi təsir səhmlərin ilkin bazarında yerləşdirmələrin sayının 40,5%, həcminin isə 26,5% azalması ilə nəticələnməsinə səbəb olub. Lakin səhmlərin təkrar bazarında əməliyyatların sayının 16%, həcminin isə 96,3% artması bütövlükdə səhm bazarında əməliyyatların sayının 13,6%, həcminin isə 5% artaraq 84,6 mln. manata çatmasına səbəb olub».

Korporativ borc bazarının əhəmiyyətli hissəsini təşkil edən Azərbaycan İpoteka Fondunun istiqrazları ilə əməliyyatların həcminin azalması bütövlükdə borc bazarının dinamikasına mənfi təsir edib. Belə ki, 2012-ci ilin ilk yarısında korporativ istiqrazlar bazarında əməliyyatların sayı 7,9%, həcmi isə 41,6% azalaraq 146,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR