Bank Of Baku

İTM: Azərbaycanda iyulda 1,32% inflyasiya qeydə alınıb

İTM: Azərbaycanda iyulda 1,32% inflyasiya qeydə alınıb
# 13 avqust 2012 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, iyul ayında Azərbaycanda 1,32% inflyasiya qeydə alınıb. Artım əsasən ərzaq məhsulları və xidmət tariflərinin bahalaşması hesabına baş verib. Belə ki, ay ərzində ərzaq məhsulları 2,18%, xidmət tarifləri isə 1,04% artıb. Qeyri-ərzaq məhsulları iyulda 0,23% ucuzlaşıb.

İyuna nisbətən iyul ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,51%, regionlarda isə 1,14% bahalaşıb. Bu zaman ərzaq məhsulları Bakıda 2,48%, regionlarda 1,88%, xidmətlər müvafiq olaraq 1,40% və 0,69% bahalaşıb, qeyri-ərzaq məhsulları isə əksinə, Bakıda 0,43%, regionlarda isə 0,04% ucuzlaşıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin 7 ayında ölkədə 1,41%, o cümlədən Bakıda 2,83%, regionlarda isə 0,07% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 2,23%, xidmətlər 2,72% bahalaşıb, qeyri-ərzaq məhsulları isə 1,19% ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 7,72% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 10,61%, regionlarda isə 4,89% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (12,5%) olub. Qeyri-ərzaq məhsullarında 0,11% ucuzlaşma, xidmətlərdə isə 5,66% artım baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR