Bank Of Baku

Naxçıvandakı bir neçə kredit ittifaqı AKİA-nın üzvlüyündən kənarlaşdırılacaq

Naxçıvandakı bir neçə kredit ittifaqı AKİA-nın üzvlüyündən kənarlaşdırılacaq
# 19 sentyabr 2012 09:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən «Bərəkət», «Cavid», «Arzu», «Savalan» və «Ney» kredit ittifaqları Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) üzvlüyündən kənarlaşdırılacaq. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Ayaz Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, yaxın günlərdə AKİA-nın İdarə Heyətinin iclası keçiriləcək və həmin iclasda üzvlük haqqı ödəməyən kredit ittifaqlarının qurumun üzvlüyündən kənarlaşdırılması məsələsinə baxılacaq.

A.Quliyev bildirib ki, Füzuli rayonundan olan məcburi köçkünlərdən ibarət «Kömək» kredit ittifaqının da üzvlük haqqı üzrə borcu yaranıb. «Lakin «Kömək» kredit ittifaqının Assosiasiyanın təsisçisi olduğu üçün onu üzvlükdən kənarlaşdıra bilmərik. Azərbaycan Mərkəzi Bankı tərəfindən bu günlərdə iki kredit ittifaqının lisenziyası ləğv edilib, əvəzində 8-ə yaxın yeni kredit ittifaqı Assosiasiyaya üzv olub. Bununla da quruma üzv olan kredit ittifaqlarının sayı 84-ə çatıb», - deyə A.Quliyev qeyd edib.

Qeyd edək ki, etibarlı mənbələrdən aldığımız məlumata görə, Naxçıvanda fəaliyyət göstərən «Bərəkət», «Cavid», «Arzu», «Savalan» və «Ney» kredit ittifaqları 2004-cü ildən həyata keçirilən və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Kənd təsərrüfatının inkişafı və kreditləşməsi Layihəsi»nin «Kənd yerlərinin maliyyələşdirilməsi» hissəsindən («Kənd yerlərinin maliyyələşdirilməsi» komponentini «İcraçı Kredit Agentliyi» MMC Bank Olmayan Kredit Təşkilatı icra edib) kənarda qaldıqları üçün AKİA-ya üzvlük haqqını ödəmək niyyətində deyil.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR