Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı Qlobal İslam Maliyyə Forumunda iştirak edir

Azərbaycan Beynəlxalq Bankı Qlobal İslam Maliyyə Forumunda iştirak edir
# 19 sentyabr 2012 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ən iri bankı və regionda İslam Bankçılığının tətbiqində ilk addım atan Azərbaycan Beynəlxalq Bankı (ABB) Malayziya Mərkəzi Bankı tərəfindən təşkil olunan Qlobal İslam Maliyyə Forumunda (GIFF) iştirak edir. ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, forum sentyabrın 18-20-də Kuala-Lumpurda keçirilir.

Forumun mövzusu «İslam maliyyəsinin beynəlmiləlləşdirilməsi: iqtisadiyyatlar arasında əlaqələrin yaradılması»dır. Mövzunun əsas istiqaməti inkişafda olan İslam iqtisadiyyatı industriyasının beynəlxalq potensialının araşdırılmasıdır.

«Forumda iştirakımızın əsas məqsədi Azərbaycanı təmsil etmək və ölkənin bank sektoru haqqında ətraflı məlumat verməkdir. Azərbaycan iqtisadiyyatı dünyada sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olduğu üçün və bizimlə əməkdaşlığın gələcəkdə geniş imkanlar açacağını nəzərə alaraq forum iştirakçıları Azərbaycana böyük maraq göstərirlər. İslam bankçılığı sahəsi də bu əməkdaşlıq potensialından kənarda qalmayıb. Hazırda İslam bankçılığının dünyada inkişaf etdirilməsində Malayziya böyük rol oynayır. Azərbaycanda da bu sahəni inkişaf etdirmək məqsədilə biz Malayziyadan olan həmkarlarımızın təcrübəsindən istifadə etməyi düşünürük», – deyə ABB-nin İslam bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadə qeyd edib.

GIFF-2012-nin müzakirələrində İslam maliyyəsinin potensialı, iqtisadi əlaqələrin yaradılması, həmçinin əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə iqtisadi sahənin mütəxəssisləri, tənzimləyici orqanların nümayəndələri, şəriət alimləri və dünyanın hər bir yerindən olan biznes dairələrinin nümayəndələri iştirak edəcəklər. Bu Forum Malayziya Qiymətli Kağızlar Komissiyası, İslam Bankçılığı İnstitutları Asossiasiyası, Malayziya İslam Bankçılığı və Maliyyə İnstitutu, Malayziya İslam Sığortası Asossiasiyası, İslam bankçılığı üzrə şəriətin araşdırılması Beynəlxalq Akademiyası və Malaziya Birjasının birgə əməkdaşlığı ilə təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR