Bank Of Baku

Türkiyə baş nazirinin müavini: “ABŞ dünya maliyyə böhranından çıxmaq üçün atacağı addımları dərhal açıqlamalıdır”

Türkiyə baş nazirinin müavini: “ABŞ dünya maliyyə böhranından çıxmaq üçün atacağı addımları dərhal açıqlamalıdır”
# 24 sentyabr 2012 11:39 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. “ABŞ dünya böhranından çıxmaq üçün atacağı addımları bir an əvvəl açıqlamalıdır”. APA-nın məlumatına görə, bu sözləri İstanbul maliyyə sammitinin açılışında Türkiyə baş nazirinin iqtisadiyyat üzrə müavini Əli Babacan deyib. Dünya maliyyə böhranının nəinki aradan qalxmadığına, əksinə, müxtəlif fazalardan keçərək dərinləşdiyinə diqqəti cəlb edən Ə. Babacan ABŞ və Avropa Birliyi mərkəzi banklarının hazırkı işinin pul kəsməkdən ibarət olduğunu, 2 həftə əvvəl mərkəzi bankların bazarı rahatlatmaq üçün yaratdığı likiditənin qısa müddətdə aradan qalxdığını söyləyib.

Avropadakı borc böhranının hökumətlər qərarlı addım atmadıqlarına görə çözülə bilmədiyini deyən Ə. Babacan yaranmış vəziyyətdə Yunanıstan, Cənubi Kipr, İtaliya, İspaniya, Portuqaliya, İrlandiya kimi ölkələrin öz maliyyə problemlərini həll etmək üçün AB-dən dəstək almalarının daha da çətinləşdiyini bildirib. O, dünya maliyyə böhranının dərinləşməməsi üçün ABŞ-ın atmağı planlaşdırdığı addımları bir an əvvəl açıqlamasının vacibliyini vurğulayıb: “ABŞ noyabrdakı seçki və ondan sonrakı mərhələni bəhanə edərək atacağı addımları açıqlamazsa, 2013-cü ildə onun iqtisadiyyatını da təhlükələr gözləyir. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan bir dövlət maliyyə böhranının dərinləşməməsi və bir çox ölkənin iflasa sürüklənməməsi üçün öz qəti addımlarını açıqlamağı gecikdirməməlidir”.

Ə. Babacan vaxtında gördükləri tədbirlər nəticəsində Türkiyə iqtisadiyyatının dünya maliyyə böhranından az təsirləndiyini, ancaq buna baxmayaraq, heç vaxt maliyyə nizam-intizamı və dövlət xərclərinin tarazlıqda tutulması kimi məsələlərdə ehtiyatı əldən verməyəcəklərini bildirib.

İstanbul maliyyə sammitində APA-nın “Azərbaycan iqtisadiyyatındakı prosesləri izləyirsinizmi?”- sualını Türkiyə prezidentinin iqtisadi məsələlər üzrə baş müşaviri, Mərkəzi Bankın keçmiş prezidenti Durmuş Yılmaz belə cavablandırıb: “Keçən il Qafqaz Universitetinin dəvəti ilə 3 gün Azərbaycanda qaldım. Ölkənizdəki iqtisadi gəlişmələri izləyirəm. Azərbaycan iqtisadiyyatı dünyada sürətlə inkişaf edən iqtisadi sistemlərdən biridir. Artıq bu sürətli inkişafı neft sektorundan qeyri-neft sektoruna yaymaq lazımdır ki, həm inkişaf tempi, həm iqtisadi böyümədə daimi sabitlik yaransın. Bunu həyata keçirmək üçün Azərbaycanın hər cür imkanı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR