Bank Of Baku

Uruqvayın gömrük xidmətinin rəhbəri Azərbaycana gəlib - FOTOSESSİYA

Uruqvayın gömrük xidmətinin rəhbəri Azərbaycana gəlib - <font color=red>FOTOSESSİYA</font>
# 01 oktyabr 2012 11:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Uruqvay Milli Gömrük İdarəsinin baş direktoru Enrike Kanon Pedraqosanın Azərbaycana səfəri bir həftəyədək davam edəcək. Qeyd edək ki, E.Pedraqosa indiyədək Azərbaycana səfər etmiş ən yüksək səviyyəli Uruqvay rəsmisidir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Uruqvay gömrük xidmətinin rəhbərinin başçılığı ilə nümayəndə heyətinin səfəri Azərbaycan tərəfinin dəvəti ilə reallaşdırılır: «Ümumiyyətlə Uruqvayın gömrük xidməti dünyanın ən tanınmış və qəbul edilən gömrük xidmətlərindən biridir. Səfərdə məqsəd iki ölkənin gömrük xidməti arasında əlaqələrin qurulması, eləcə də Azərbaycanın gömrük xidmətinin modernləşdirilməsi sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsidir. Eyni zamanda, istər ÜGT, istərsə də ümumilikdə beynəlxalq səviyyədə birgə fəaliyyət barədə müzakirələr aparılacaq».

A.Əliyev bildirib ki, hazırda Azərbaycanla Uruqvay arasında gömrük sahəsində əməkdaşlıq barədə hökumətlərarası saziş hazırlanaraq dövlətdaxili proseduralardan keçib və imzalanmağa hazırdır. Səfər zamanı bu məsələ də ekspertlər və xidmət rəhbərləri arasında müzakirə olunacaq: «Ümid edirəm ki, gələn görüşümüzdə bu sənəd imzalanacaq».

Uruqvay Milli Gömrük İdarəsinin baş direktoru E.Pedraqosa jurnalistlərə bildirib ki, səfərdə məqsəd həm gömrük xidmətlərinin əməkdaşlarının, həm də iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsidir. Onun sözlərinə görə, münasibətlərin yaxşılaşması iki ölkənin biznes qurumları və sahibkarları arasında əlaqələri də aktivləşdirəcək: «Uruqvayın iş adamları Azərbaycandakı sahibkarlarla əməkdaşlığa maraq göstərirlər».

Gömrük Komitəsində keçirilən ikitərəfli görüşdə A.Əliyev qeyd edib ki, hazırda Uruqvayla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi cüzidir, amma ikitərəfli əlaqələr gücləndikcə bu həcm də artacaq: «Çünki təcrübə göstərir ki, iki ölkə arasında biznes münasibətləri bəzən gömrük xidmətləri arasında əlaqələrdən də asılıdır».

Qeyd edək ki, səfər çərçivəsində uruqvaylı qonaqlar Azərbaycanın gömrük xidmətinin qurumları, o cümlədən Rusiya ilə sərhəddəki keçid məntəqəsinin işi, burada tətbiq edilən bir pəncərə prinsipi ilə tanış olacaq, onlara texniki imkanlar nümayiş etdiriləcək.

Səfər zamanı qonaq Qəbələdə və Naxçıvanda da olacaq. Həmin vaxt, oktyabrın 5-də Naxçıvanda türkdilli ölkələrin gömrük xidmətləri rəhbərlərinin toplantısı keçiriləcək.

E.Pedraqosanın səfəri zamanı Azərbaycanla Uruqvay arasında digər sahələrdə də əməkdaşlıq müzakirə ediləcək. O cümlədən, Azərbaycan-Uruqvay parlamentlərarası komissiyası yaradılacaq. Bu gün uruqvaylı qonağı baş nazir Artur Rasizadə də qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR