Bank Of Baku

Bakıda beynəlxalq mikromaliyyə konfransı keçirilir

Bakıda beynəlxalq mikromaliyyə konfransı keçirilir
# 04 oktyabr 2012 12:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə «Düşünmək zamanıdır. Risklərin idarə edilməsi» mövzusunda VI Mikromaliyyə Konfransı keçirilir.

«APA-Economics»in məlumatına görə, tədbirdə AMA-nın icraçı direktoru Jalə Hacıyeva çıxışında bildirib ki, bu il keçirilən tədbirin məqsədi risk-menecment sahəsində qabaqcıl təcrübələrin paylaşması və Azərbaycan mikromaliyyə sektorunun təkmilləşdirilməsinə töhfə ola biləcək ideyalar mübadiləsi üçün əlverişli mühitin yaradılmasıdır: «Konfrans həmçinin müxtəlif mikromaliyyə təcrübələrini paylaşmaq və bu sektorun funksionallığını təkmilləşdirmək yollarını müzakirə etmək üçün mükəmməl bir imkan yaradır».

J.Hacıyeva bildirib ki, Assosiasiya olaraq AMA üzv təşkilatlarının risklərin idarə olunması və aradan qaldırılması məqsədi ilə yeni metodlarla, mühüm və qabaqcıl təcrübələrlə təmin olunmasını daim dəstəkləyib.

J.Hacıyeva daha sonra üzv təşkilatların maliyyə göstəriciləri ilə bağlı məlumat verib. Onun sözlərinə görə, cari ilin sentyabrın 1-nə üzv təşkilatların mikromaliyyə üzrə kredit portfeli 740 mln. ABŞ dollarından çoxdur. Bu təşkilatlardan mikromaliyyə krediti alan müştərilərin sayı 440 min nəfərdir.

Konfransda AMA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov ölkədə yoxsulluğun azaldılması, regionlarda yeni iş imkanlarının yaradılması, aztəminatlı əhali və digər zəif əhali qrupunun maliyyə vəsaitlərinə çıxışının artırılması istiqamətində nail olunmuş ümumi inkişafda mikromaliyyə sektorunun rolundan danışıb.

Tədbirin ilk günündə keçirilən mükafatlandırılma mərasimində Azərbaycan mikromaliyyə sektorunun milli, regional və qlobal səviyyələrdə etibarının və tanıdılmasının artırılmasına yardım etmiş mühüm təşəbbüslərə verdiyi töhfəsinə görə «Access Bank» QSC «İlin üzv təşkilatı-2012» mükafatına layiq görülüb.

Qeyd edək ki, sabah da davam edəcək tədbir adekvat daxili nəzarət sistemləri, mikromaliyyədə müştəri mühafizəsi, risk-menecment, çətin çatan ərazilərdə ən yeni faydalı texnologiyalar, mikromaliyyədə qadınların rolu, maliyyə təhsili, mikro kredit və mikro sahibkarlıq müəssisələri üçün hüquqi çərçivənin təkmilləşdirilməsi, orta menecmentdə bacarıqların artırılması və sosial fəaliyyətin idarə olunması kimi mövzular ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, tədbirdə yerli mikromaliyyə təşkilatları ilə yanaşı xarici investiorlar – «Triple Jump», «Finance in Motion», «PlaNİS responsAbility», EBRD, KfW və IFC-nin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR